Rektor yaz semestrinin başlanması münasibətilə tələbələrlə görüşüb

27 Февраль, 2024

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov 2023/2024-cü tədris ili yaz semestrinin başlanması münasibətilə tələbələrlə görüşüb.

Görüşdə İlahiyyat fakültəsinin dekanı, əməkdaşları və tələbələri iştirak ediblər.

Rektor Aqil Şirinov tələbələri semestrin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Ötən qış imtahan sessiyasının yekunlarından bəhs edən rektor müvəffəqiyyət göstəriciləri yüksək olan – xüsusi təqaüdlər alacaq tələbələri təbrik edib.

Tələbələrə tövsiyələrini bildirən rektor qeyd edib ki, təhsilalanların əsas vəzifəsi cəmiyyətimizi din sahəsində doğru və düzgün formada məlumatlandırmaqdır. Bu, tələbələrin üzərinə düşən böyük məsuliyyətdir.

A.Şirinov sosial şəbəkələrdə mövcud vəziyyət barədə fikirlərini səsləndirib, bilik kirliliyinin təhlükəsindən danışıb. Qeyd edib ki, xüsusilə sosial şəbəkələrin müsbət yönləri ilə yanaşı mənfi tərəflərinin də olduğunu unutmamalıyıq.
Rektor cəmiyyətimizin Aİİ tələbələrinə ümidlərinin böyük olduğunu qeyd edərək, onların imam vəzifəsinə təyinatlarının əhəmiyyətinə diqqət çəkib. Vurğulayıb ki, Aİİ-nin məzunları ilə yanaşı üç müəllimi imam, dörd magistr tələbəsi isə imam müavini kimi fəaliyyət göstərir.

Yüksəkintellektli, geniş dünyagörüşünə malik, sağlamdüşüncəli, Vətənini sevən mütəxəssislər olmaq üçün tələbələrə İnstitutda hər bir şəraitin yaradıldığını vurğulayan Aİİ rəhbəri bu imkanlardan yararlanmaqla peşəkar kadrlar kimi yetişməyin zəruriliyinə diqqət çəkib.

Вверх

Новости

Архив
alt menü