Qubada din xadimləri ilə görüş keçirilib

18 Апреля, 2025

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə abituriyentləri maarifləndirmə tədbirləri çərçivəsində din xadimləri ilə görüş keçirilib.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov dövlətin dinə, milli-mənəvi dəyərlərimizə qayğısından bəhs edərək bildirib ki, xalqımız tarixin bütün dövrlərində bir-birlərinin dini inanclarına hörmət göstərib, dinc yanaşı yaşayıb.

Prorektor vurğulayıb ki, Aİİ-nin əsas məqsədlərindən biri də ölkəmizdə mövcud multikultural, tolerant mühitin qorunmasına töhfə verməkdir. Ali təhsil müəssisəsində tədris ölkədə mövcud mühit nəzərə alınaraq həyata keçirilir. Prorektor “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə tələbə qəbulu həyata keçirən ali təhsil müəssisəsində bütün dərsliklərin pulsuz paylandığını, eyni zamanda, tələbələrə yeməkpulu və yüksək göstəricilərə sahib olan təhsilalanlara isə adlı təqaüdlərin verildiyini diqqətə çatdırıb.

Quba Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra, dövlət–din münasibətlərində əsaslı dönüş baş verib. O, ölkə rəhbərliyi tərəfindən din xadimlərinə, ibadət ocaqlarına göstərilən xüsusi qayğıdan bəhs edib. A.Məmmədov işğaldan azad olunmuş torpaqlarda aparılan yenidənqurma işlərinə diqqət çəkərək, orada yeni inşa edilən və bərpa olunan ibadət ocaqlarının artıq fəaliyyətə başladığını vurğulayıb.

İlahiyyat İnstitutu haqqında müsbət fikirlərini səsləndirən A.Məmmədov daha sonra qeyd edib ki, ali təhsil müəssisəsində Azərbaycan reallığı, ölkəmizin tarixi-dini ənənəsi əsas götürülür, bu istiqamətdə yüksəkixtisaslı kadrlar hazırlanır.

Sonda din xadimlərinin sualları cavablandırılıb.

Вверх

Новости

Архив
alt menü