Qobustanda din xadimləri ilə görüş keçirilib

11 Апреля, 2025

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə abituriyentlərin maarifləndirmə tədbirləri çərçivəsində din xadimləri ilə görüş keçirilib.

Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini, qurumun Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov tədbir iştirakçılarına ölkədə yeganə ali dini təhsil müəssisəsi olan İlahiyyat İnstitutu haqqında məlumat verib.

Daha sonra çıxış edən Aİİ rektorunun köməkçisi Emin Orucov müəssisədə təhsilin tamamilə ödənişsiz olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanda yüksəksəviyyəli ali dini təhsil ocağının mövcud olması xaricə gedib dini təhsil almaq ehtiyacını aradan qaldırır. “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə tələbə qəbulu həyata keçirən ali təhsil müəssisəsində bütün dərsliklərin pulsuz paylandığını, eyni zamanda, tələbələrə yeməkpulu və yüksək göstəricilərə sahib olan təhsilalanlara isə adlı təqaüdlərin verildiyini diqqətə çatdırıb.

Aİİ Dinşünaslıq kafedrasının müəllimi, Qala kənd məscidinin imamı, s.f.d. Elnur Əzimli din xadimi kimi fəaliyyət göstərməyin əhəmiyyətindən bəhs edib. Ölkəmizdə dinə, milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan bəhs edən Elnur Əzimli əsrlərboyu xalqımızın bütün nümayəndələrinin dinc, qarşılıqlı anlaşma şəraitində yaşadığını diqqətə çatdırıb. Bildirib ki, təmsil etdiyi ali təhsil müəssisəsində yüksəkixtisaslı kadr kimi yetişmək üçün hər bir şərait mövcuddur.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şirvan bölgəsi üzrə qazısı, Şamaxı Cümə məscidinin axundu Hacı Mərəhmət Mustafayev Azərbaycan müstəqillik qazandıqdan sonra, dövlət–din münasibətlərində baş verən əsaslı dönüşdən, ölkə rəhbərliyi tərəfindən din xadimlərinə, ibadət ocaqlarına göstərilən xüsusi qayğıdan bəhs edib. M.Mustafayev İlahiyyat İnstitutu haqqında fikirlərini səsləndirərkən qeyd edib ki, ali təhsil müəssisəsində Azərbaycan reallığı, ölkəmizin tarixi-dini ənənəsi əsas götürülür. Burada təhsil alan tələbələr dini insanlara doğru-düzgün, radikallıqdan, xurafatdan uzaq, elmi şəkildə çatdıra biləcək kadrlar kimi yetişirlər.

Sonda din xadimlərinin sualları cavablandırılıb.

Вверх

Новости

Архив
alt menü