“Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda olub
Qazaxıstan Respublikasının Almatı şəhərində fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
Görüşdə “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti Magistratura və doktorantura təhsili bölməsinin müdiri, professor Kalmakhan Yerjan, Din elmləri bölməsinin dosenti Jolaman Bulan, Beynəlxalq Elmi Tədqiqatlar və İnnovasiya Mərkəzinin direktor müavini, professor Muratkhan Makhmet iştirak ediblər.
Aİİ rektoru, dosent Aqil Şirinov qonaqları salamlayaraq, onları İnstitutda görməkdən məmnunluğunu ifadə edib, ali təhsil müəssisəsinin fəaliyyəti, əsas məqsəd və vəzifələri barədə ətraflı məlumat verib.
Rektor bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verir. Bu baxımdan, “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə formalaşmış tərəfdaşlıq əlaqələri uğurlu əməkdaşlıq nümunələrindən biridir. O vurğulayıb ki, iki ali təhsil müəssisəsi arasında mövcud olan əlaqələr tələbə və müəllim mübadiləsinin həyata keçirilməsinə, təcrübə paylaşımına və elmi əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Aqil Şirinov daha sonra qeyd edib ki, Aİİ “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır. Ali təhsil müəssisələri arasında 2021-ci ildə imzalanmış Əməkdaşlıq müqaviləsi çərçivəsində 2025/2026-cı tədris ilində sayca beşinci tələbə mübadiləsi proqramı uğurla həyata keçirilib.
Qonaqlar Azərbaycan İlahiyyat İnstitutunda olmaqdan məmnunluqlarını ifadə edərək, səmimi qəbula görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, Aİİ ilə “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti arasında əməkdaşlıq qarşılıqlı etimad və ortaq akademik dəyərlər əsasında uğurla inkişaf edir. Nümayəndə heyəti gələcəkdə elmi və akademik əlaqələrin daha da genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və mövcud tərəfdaşlığın yeni istiqamətlər üzrə davam etdirilməsinə maraqlı olduqlarını vurğulayıb.
Görüş zamanı iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər tələbə mübadiləsinin genişləndirilməsi, elmi-tədqiqat sahəsində əməkdaşlığın dərinləşdirilməsi, birgə elmi tədbirlərin təşkili və qarşılıqlı akademik təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.