Maarifləndirmə tədbirləri çərçivəsində din xadimləri ilə görüş baş tutub

08 Апреля, 2026

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə abituriyentlərin maarifləndirilməsi istiqamətində din xadimləri ilə görüş keçirilib.

Tədbirdə aidiyyəti qurumların əməkdaşları, bölgədə fəaliyyət göstərən din xadimləri iştirak ediblər.

Görüşdə açılış nitqi ilə çıxış edən Qarabağ regional bölməsinin müdiri vəzifəsini icra edən Pərviz Eyvazov tədbirin əhəmiyyətinə diqqət çəkərək, ali təhsil müəssisəsi haqqında müsbət fikirlərini səsləndirib.

P.Eyvazov daha sonra gənclərin sağlam dini biliklərə yiyələnmələrində din xadimlərinin rolunu nəzərə çatdırıb. O bildirib ki, din xadimlərinin cəmiyyətlə birbaşa təmasda olduğunu nəzərə alsaq bu istiqamətdə düzgün yönləndirmə məhz onların aktiv mövqeyi ilə mümkün olur.

Görüşdə çıxış edən Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O qeyd edib ki, ölkəmizdə müxtəlif dini konfessiyaların nümayəndələri tarixən sülh və qarşılıqlı hörmət şəraitində yaşayıb, bu ənənə bu gün də uğurla davam etdirilir.

M. Mürsəlov ölkə rəhbərliyinin milli-mənəvi dəyərlərin qorunması və sağlam dini mühitin formalaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən bəhs edib. Bildirib ki, bu siyasətin mühüm tərkib hissələrindən biri kimi fəaliyyət göstərən Aİİ və Bakı İlahiyyat Kolleci yüksəkixtisaslı dinşünas və islamşünas mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır. O, İnstitutda və kollecdə təhsilin tamamilə ödənişsiz olduğunu nəzərə çatdırıb.

M.Mürsəlov bildirib ki, Aİİ-də tələbələr bütün dərsliklərlə pulsuz təmin olunur, onlara yeməkpulu verilir, yüksək nəticələr göstərənlər isə adlı təqaüdlərlə mükafatlandırılırlar.

Prorektor İnstitutda, həmçinin elmi fəaliyyətin inkişafına xüsusi diqqət yetirildiyini, tələbələrin yalnız nəzəri biliklərlə deyil, eyni zamanda, müasir çağırışlara uyğun analitik və tədqiqat bacarıqları ilə yetişdirildiklərini də nəzərə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin Qarabağ bölgəsi üzrə qazısı, Bərdə rayonunun axundu Ramazan Hüseynov milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən bəhs edib, dini ənənələrin düzgün şəkildə gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıb.

Sonda din xadimlərini maraqlandıran suallar cavablandırılıb. Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində başa çatıb.

Вверх

Новости

Архив
alt menü