İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri Qobustan rayonunda baş tutub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2025–2026-cı tədris ili üzrə müəssisəyə yüksəkintellektli və savadlı gəncləri cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərinə başlayıb.
Bu istiqamətdə İnstitutun növbəti səfəri Qobustan rayonuna olub.
Qobustan Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Amil Vəzirli tədbir iştirakçılarına Aİİ haqqında geniş məlumat verib.
Dağlıq Şirvan Regional Təhsil İdarəsi Qobustan rayon təhsil sektorunun müdiri Tahir Səbzalıyev təhsilin inkişafının dövlətin diqqət mərkəzində olduğunu qeyd edib, Prezident İ.Əliyevin, I Vitse-prezident Mehriban Əliyevanın bu sahəyə olan xüsusi diqqət və qayğısına diqqət çəkib. T.Səbzalıyev azərbaycançılıq məfkurəsi, xalqın soykökünə, milli-mənəvi dəyərlərinə bağlılığı haqqında fikirlərini səsləndirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dağlıq Şirvan regional bölməsinin müdiri Elnur Mehdiyev Azərbaycanda mövcud dövlət–din münasibətlərindən bəhs edib. O, dini maarifləndirmənin əhəmiyyətindən danışarkən cəmiyyətin, xüsusilə gənc nəslin məzhəbçilikdən uzaq, multikutural və tolerant mühitdə yetişməsinin vacibliyinə toxunub.
Azərbaycan İlahiyyat İnstitutunun rektor köməkçisi Emin Orucov Aİİ-yə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını bildirib. E.Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, tələbələrin sosial həyatı haqqında da ətraflı danışıb.
Aİİ Dinşünaslıq kafedrasının müəllimi, s.f.d. Elnur Əzimli dinin cəmiyyətdəki rolu və əhəmiyyətindən bəhs edib. Dinin doğru və düzgün formada öyrənilməsinin vacib olduğunu bildirən E.Əzimli Aİİ-nin dini təhsil sahəsində önəminə diqqət çəkib.
Tədbirdə Aİİ-nin tanıtım videoçarxı nümayiş olunub.