İlahiyyat İnstitutunun Ağstafada maarifləndirmə tədbiri keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2025–2026-cı tədris ili üzrə müəssisəyə yüksəkintellektli və savadlı gəncləri cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.
Bu istiqamətdə İnstitutun növbəti tədbiri Ağstafa rayonunda baş tutub.
Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı İsa Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qazax–Tovuz regional bölməsinin müdir vəzifəsini icra edən Pərvin Zeynalov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağstafa Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı İsa Məmmədov milli-mənəvi dəyərlərimizə, tolerant mühitin qorunmasına dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini vurğulayıb. İ.Məmmədov nəzərə çatdırıb ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bu istiqamətdə atılan müdrik və uzaqgörən addımdır.
Aİİ Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov ali təhsil müəssisəsinin fəaliyyəti, hədəfləri və perspektivləri barədə geniş məlumat verib. O, dini sahədə yüksəkixtisaslı, milli-mənəvi dəyərlərimizə sahib çıxan, gənc vətənpərvər kadrlara olan ehtiyaca diqqət çəkib. Bildirib ki, İnstitutda bu istiqamətdə təhsilin hər üç pilləsi üzrə mütəxəssislər hazırlanır. A.Qafarov vurğulayıb ki, tədris öz sahəsinin peşəkarı olan müəllimlər tərəfindən həyata keçirilir. Həmçinin Aİİ-də tədris prosesi zamanı ölkəmizdə mövcud olan tolerant mühit nəzərə alınmaqla, bütün dinlər haqqında məlumat verildiyini diqqətə çatdırıb.
Azərbaycan İlahiyyat İnstitutunun rektor köməkçisi Emin Orucov Aİİ-yə qəbul prosesinin təşkili, mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını nəzərə çatdırıb. E.Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, tələbələrin sosial həyatı haqqında da ətraflı danışıb.
Tədbirdə Aİİ-nin tanıtım videoçarxı nümayiş olunub.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.