İlahiyyat İnstitutunda erkən evliliklərlə bağlı qanunvericilik dəyişiklikləri müzakirə olunub
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Azərbaycanda erkən evlilik halları ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər” mövzusunda seminar keçirilib.
Seminarın moderatoru – Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova mövzunun aktuallığından danışıb, erkən evlilik hallarının qarşısının alınmasında hüquqi maarifləndirmənin, ailə dəyərlərinin təşviqinin və gənclərin düzgün məlumatlandırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Məruzəçi – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva Azərbaycanda erkən evlilik halları ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər, onların hüquqi mahiyyəti və tətbiqi məsələləri haqqında məlumat verib. O, erkən evliliklərlə mübarizədə qanunvericiliyin tələblərinin izah edilməsinin, yetkinlik yaşına çatmayanların hüquqlarının qorunmasının və bu sahədə ictimai məlumatlılığın artırılmasının vacibliyini vurğulayıb.
Seminar zamanı erkən evliliklərin fərdin təhsili, gələcək inkişafı və cəmiyyətə inteqrasiyası baxımından doğura biləcəyi çətinliklərə toxunulub. Bu halların qarşısının alınmasında valideynlərin, təhsil müəssisələrinin və cəmiyyətin birgə fəaliyyətinin əhəmiyyəti qeyd edilib.
Tədbir iştirakçıları mövzu ətrafında müzakirələr aparıb, onları maraqlandıran suallara cavablar alıblar.