İlahiyyat İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Aİİ İlahiyyat fakültəsinin dekan müavini, dosent Asəf Qənbərov tədbir iştirakçılarını salamladıqdan sonra, 31 Mart soyqırımı qurbanlarının, həmçinin 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib, onlara Allahdan rəhmət diləyib. Daha sonra bildirib ki, mənfur düşmən xalqımıza qarşı soyqırımı törətmək üçün azərbaycanlıların yaşadıqları bölgələrə silahlı dəstələr yeridiblər. Xalqımıza qarşı tarixin müxtəlif vaxtlarında soyqırımı törədən daşnakların 31 mart 1918-ci ildə həyata keçirdikləri təxribat aktı isə bunların ən dəhşətlisidir. Bölgələrimizdə törədilən soyqırımlar zamanı Bakıda bir çox tarixi bina yandırılıb, dini abidələrə, o cümlədən Təzəpir məscidinə ziyan vurulub. Şamaxıda isə Qafqazın ikinci ən qədim məscidi olan Cümə məscidi oraya toplaşan müsəlmanlarla birgə yandırılıb.
Azərbacan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının dosenti Rəşad Mustafa məruzəsində bildirib ki, erməni millətçiləri tərəfindən ərazilərimizdə məqsədyönlü şəkildə aparılan etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından deportasiya etmək, əzəli dədə-baba yurdumuzda ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. 31 Mart qırğını isə xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli nümunələrindən biridir.
Rəşad Mustafa Ermənistanın işğalçılıq siyasətinin Azərbaycan, bölgəmiz və ümumən beynəlxalq münasibətlər sistemi üçün yaratdığı ağır nəticələrindən və risklərindən də bəhs edərək, hazırda dövlətimizin suveren bir ölkə kimi ərazi bütövlüyünü bərpa etməsinin tarixi əhəmiyyətini vurğulayıb.