“Hüseyn Əfəndi Qayıbzadə irsi – ənənə və maarifçilik kontekstində” mövzusunda respublika elmi konfransı keçiriləcək

27 Ноябрь, 2025

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Mərkəzi Elmi Kitabxana (AMEA), Xəzər Universiteti və Bakı İlahiyyat Kollecinin birgə təşkilatçılığı ilə 22 dekabr 2025-ci il tarixində “Hüseyn Əfəndi Qayıbzadə irsi – ənənə və maarifçilik kontekstində” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Konfrans XIX əsr Azərbaycan maarifçilik tarixində müstəsna xidmətləri olmuş Qafqaz müftisi, görkəmli din xadimi, pedaqoq və maarifçi Hüseyn Əfəndi Qayıbzadənin anadan olmasının 195 illiyinə həsr olunub.
Konfransın əsas məqsədi XIX əsr Azərbaycan maarifçilik hərəkatının görkəmli siması Hüseyn Əfəndi Qayıbzadənin zəngin elmi-pedaqoji və ictimai-fəlsəfi irsinin yenidən elmi müstəvidə təhlil edilməsi, onun milli təhsil sisteminin təşəkkülündə oynadığı rolun aktual kontekstlərdə dəyərləndirilməsi, həmçinin Qayıbzadənin maarifçilik ideyalarının müasir dövrdə davamlı inkişaf istiqamətlərinin araşdırılmasıdır.
Bu yubiley-konfrans milli-mədəni yaddaşın möhkəmləndirilməsi, humanitar elmlərdə tədqiqatların genişləndirilməsi və yeni elmi diskursların təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bütün ali təhsil müəssisələrinin əməkdaşlarını, elmi-tədqiqat institutlarının mütəxəssislərini, doktorant və gənc tədqiqatçıları bu elmi konfransda iştirak etməyə və öz araşdırmalarını təqdim etməyə dəvət edirik.
Tədqiqat mövzularının humanitar, sosial, dini-mənəvi, pedaqoji və multidissiplinar sahələri əhatə etməsi konfransın elmi spektrini daha da zənginləşdirəcəkdir.
Konfransın bölmələri:
1. Hüseyn Əfəndi Qayıbzadənin pedaqoji irsi və müasir təhsil elmlərində interpretasiyası (tarix, pedaqogika, maarifçilik fəlsəfəsi, təhsil siyasəti, metodologiya).
2. İslam maarifçiliyi və dini düşüncənin elmi-fəlsəfi inkişaf istiqamətləri (dinşünaslıq, ilahiyyat, fəlsəfə, tarixi mənbəşünaslıq).
3. Dil, ədəbiyyat və mədəni irsin maarifçilik kontekstində filoloji təhlili (dilçilik, ədəbiyyatşünaslıq, mədəniyyətşünaslıq, folklorşünaslıq, sənətşünaslıq).
4. Müasir cəmiyyətin sosial-psixoloji transformasiyaları və mənəvi dəyərlərin qorunması (psixologiya, sosiologiya, sosial fəlsəfə, etika, gender tədqiqatları, sosial siyasət).
5. Humanitar elmlərdə multidissiplinar yanaşmalar: elm, cəmiyyət və milli kimlik kontekstində (tarix, hüquq, iqtisadiyyat, politologiya, media, incəsənət, pedaqogika və digər sahələr).
Məqalə qəbulunun son tarixi: 17 dekabr 2025-ci il.
Təqdim olunan bütün işlər elmi heyət tərəfindən dəyərləndirildikdən sonra müəllifin vəsaiti hesabına çap olunacaqdır.
Ətraflı məlumat üçün:
Elektron poçt: [email protected]
Telefon / WhatsApp: +994 51 799 43 99

Вверх

Новости

Архив
alt menü