Dövlət Komitəsində din xadimi kimi yeni təyinat alan Azərbaycan İlahiyyat İnstitutunun məzunları ilə görüş keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 22-də İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün cari ilin 20-28 fevral tarixlərində keçirilmiş müsahibədə uğur qazanaraq təyinat alan Azərbaycan İlahiyyat İnstitutunun məzunları ilə görüşüb.
Komitə sədri bildirib ki, ölkəmizdə dini qurumlarla bağlı dövlət siyasəti dini etiqad azadlığının təmin edilməsinə və dini icmaların fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına yönəlib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizin, tarixi dini abidələrimizin bərpası və qorunması, həmrəylik mühiti və birgəyaşayış ənənəsinin inkişaf etdirilməsi prioritet amillərdəndir.
Hər sahədə olduğu kimi, dini sahədə də kadrların peşə bacarıqları və biliklərinin təkmilləşdirilməsinin xüsusi önəm daşıdığını qeyd edən Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun da əsas məqsədinin məhz milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə sadiq, peşəkar mütəxəssislər yetişdirmək olduğunu vurğulayıb. İnstitutun məzunlarının bu məsuliyyətin yükünü daşımağa qadir peşəkarlar kimi özlərini təsdiq edəcəklərinə əminliyini ifadə edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Müsahibədə uğur qazanaraq təyinat alan Azərbaycan İlahiyyat İnstitutunun məzunları Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının peşəkar mütəxəssislərin yetişdirilməsində mühüm rol oynadığını bildiriblər.