Beynəlxalq simpoziumun iştirakçıları Heydər Məscidini və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər

22 Сентябрь, 2022

“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium iştirakçıları Heydər Məscidini və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər.
Heydər məscidini ziyarət zamanı qonaqlara məlumat verilib ki, 2014-cü ilin dekabrında açılışı keçirilən dini ibadət müəssisəsi Qafqazın ən böyük məscididir. Milli-mənəvi irsə böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahəni əhatə edir. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda arxitektura harmoniyası yaradıb, həmçinin 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Məscidin daxili xüsusi bəzək elementləri ilə dizayn edilib, günbəzin kənarlarına Quran ayələri həkk olunub. Əlli beş metr ucalığında olan baş günbəz, o cümlədən, hündürlüyü 35 metrə çatan ikinci günbəz məscidə xüsusi gözəllik verir.
Qonaqlara, eyni zamanda, məsciddə qılınan vəhdət namazları barədə də məlumat verilib. Heydər Məscidində Vəhdət namazının ənənə halı aldığı, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın geniş yayıldığı müasir dövrümüzdə bunun bir nümunə təşkil etdiyi bildirilib.
Daha sonra Qoşa Qala küçəsindən başlayan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu gəzinti zamanı qonaqlara tarixi heykəltəraşlıq binaları, meydan və Qala divarları haqqında məlumat verilib. Qonaqlar Sıratağlı Dini-Memarlıq Kompleksi (Bazar meydanı) ərazisindəki müxtəlif dövrlərə aid bədii daşyonma sənət nümunələrini müşahidə ediblər. Karvansara ilə tanışlıq zamanı bu abidələrin Azərbaycanın Şərq ölkələri ilə zəngin tarixi, iqtisadi-mədəni əlaqələrinin göstəricisi olduğu bildirilib.
Sonda konfrans iştirakçıları tarix-memarlıq nümunəsi olan “Qız Qalası”nın önündə xatirə şəkli çəkdiriblər.

Вверх

Новости

Архив
alt menü