Beynəlxalq simpoziumin ilk gününə yekun vurulub

22 Октября, 2025

“Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpozium panellərlə davam edib.
Kırıkkale Universitetinin İslam elmləri fakültəsinin professoru Şahin Ahmetoğlunun moderatorluğu ilə “Din təhsili: tarix, ənənə və müasirlik” adlı panel keçirilib. Sessiyada Ankara Yıldırım Beyazıt Universiteti İlahiyyat fakültəsinin Din təhsili kafedrasının professoru Muhammed Ali Yazıbaşı, Sunan Kalijaga Dövlət İslam Universiteti Ədəb və mədəniyyətşünaslıq fakültəsinin dosenti, Ali Təhsilin İdarəedilmə Mərkəzinin direktoru Jarot Vahyudi, Əsvan Universiteti Darul-ulum fakültəsinin İslam tarixi fənni üzrə müəllimi, tarix üzrə fəlsəfə doktoru Abdulla Əhməd Həmmam Əbdülməcid, Postnormal Siyasət və Gələcək Araşdırmalar Mərkəzinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Yelena Muzıkina çıxış ediblər.
Paralel davam edən “Din təhsili: tarix, ənənə və müasirlik” adlı panel Kocaeli Universiteti İlahiyyat fakültəsinin dekanı, professor Abdullah Kahramanın moderatorluğu ilə baş tutub. Paneldə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rübabə Şirinova, Şəki İslam Kollecinin direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Şahin Xancanov, Özbəkistan Respublikası Elmlər Akademiyası Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Gülmira Açilova, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sevinc Rəhnulla, AMEA Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin elmi işçisi Elşən Abdurahmanov çıxış ediblər.
Panel sessiyalarda din təhsili sahəsindəki müxtəlif aspektlər, xüsusilə tarixi, ənənəvi və müasir yanaşmaların qarşılıqlı əlaqəsi geniş müzakirə edilib. Panel iştirakçıları din təhsilinin zamanla necə inkişaf etdiyini, müxtəlif mədəniyyətlərdə və cəmiyyətlərdə fərqli təcrübələrin necə formalaşdığını, həmçinin qlobal çağırışlara cavab olaraq din təhsilinin nə cür bir dəyişiklik və yenilənmə tələb etdiyini ətraflı şəkildə təhlil ediblər. Həmçinin, müxtəlif ölkələrin təhsil sistemlərindəki ənənəvi və müasir təcrübələrin qarşılaşdırılması, tolerantlıq, multikulturalizm və mənəvi dəyərlərin din təhsilindəki rolunun önəmi vurğulanıb. Müzakirələrdə din təhsilinin gələcəyinə dair yeni yanaşmalar və perspektivlər irəli sürülərək, təhsil sistemindəki dəyişikliklərin sosial və mədəni inkişafla necə əlaqələndirildiyi üzərində də geniş müzakirələr aparılıb.
Beynəlxalq simpozium oktyabrın 23-də panel sessiyalarla davam edəcək.

Вверх

Новости

Архив
alt menü