Azərbaycanın və Gürcüstanın dini təhsil ocaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

08 Июнь, 2022

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iyunun 7-də Tbilisi Ruhani Akademiyasında olublar.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə, xüsusən də dini qurumlar arasında əməkdaşlıq, dini təhsil, dövlət-din münasibətləri barədə geniş fikir mübadiləsi aparılıb.

Rektor Giorgi Zviadadze Azərbaycan və Gürcüstan arasındakı əlaqələrdən danışıb, hər iki ölkənin dövlət və hökumət başçıları, dini liderləri arasındakı dostluq münasibətləri nəticəsində əlaqələrimizin daha da inkişaf etdiyini və möhkəmləndiyini bildirib.

Qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin səyləri nəticəsində qədim tarixə malik olan münasibətlərimiz yeni müstəvidə inkişaf edib.

Bakıya səfərlərini xatırladan G.Zviadadze Azərbaycanın tolerantlıq nümunəsi olduğunu xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin öz vəsaiti hesabına Sinoqoq inşa etdirməsi buna parlaq misaldır.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev ölkəmizdə dövlət-din münasibətləri, dini təhsil, tolerantlıq mühiti barədə ətraflı məlumat verib. Dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşlarımızın Azərbaycanın 44 günlük Vətən müharibəsində qəhrəmancasına iştirak etdiyini vurğulayıb. Bunu tolerantlığın bariz nümunəsi adlandırıb. Bildirib ki, erməni vandalları işğal etdikləri ərazilərdəki məscidləri, eləcə də xristian dini abidələrini dağıdıb, viran qoyublar. Azərbaycan dövləti onların hamısının bərpası istiqamətində müəyyən tədbirlər görür.

Sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ölkəmizdə dini təriqətlərin tam azad və sərbəst fəaliyyət göstərmələri, onların hamısına dövlətimiz tərəfindən maliyyə yardımının ayrılması barədə məlumat verib.

Rektor, həmçinin institutun fəaliyyəti, beynəlxalq əlaqələri, Azərbaycan İlahiyyat İnstitutu ilə Tbilisi Ruhani Akademiyası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri barədə danışıb.

Вверх

Новости

Архив
alt menü