Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin tələbələri üçün təşkil edilən beynəlxalq “Yay məktəbi” davam edir

31 Июль, 2026

Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin tələbələrinin Türkiyənin İstanbul şəhərində iştirak etdikləri beynəlxalq “Yay məktəbi” proqramı davam edir.

Proqram çərçivəsində 29-30 iyul tarixlərində tələbələr üçün müxtəlif istiqamətləri əhatə edən elmi seminarlar təşkil olunub.

“İnsanı və cəmiyyəti necə anlamalıyıq?” mövzusunda təşkil edilən seminarda İstanbul Mədəniyyət Universitetinin müəllimi, f.f.d. Latif Karagöz insanın fərdi və ictimai mahiyyəti, şəxsiyyətin formalaşması və cəmiyyətin inkişafında mənəvi dəyərlərin rolu barədə ətraflı məlumat verib.

“Həqiqət, dəyər və yaxşı həyat: müasir dünyada əxlaqi dəyərlərdən uzaqlaşmaq” mövzusunda təşkil edilən digər seminarda İstanbul Mədəniyyət Universitetinin müəllimi, f.f.d. Ömər Faruk Uysal müasir dövrdə əxlaqi dəyərlərin qorunmasının əhəmiyyəti, bu prinsiplərin zəifləməsinin fərd və cəmiyyət həyatına təsiri, eləcə də sağlam dəyər sisteminin formalaşdırılması yolları haqqında fikirlərini iştirakçılarla bölüşüb.

“İslamda şəhərsalma və memarlıq” mövzusunda təşkil edən seminarda isə İstanbul Mədəniyyət Universitetinin müəllimi, f.f.d. Yunus Çolak İslam sivilizasiyasında şəhərsalma ənənələri, memarlıq nümunələrinin dini, sosial və mədəni funksiyaları, həmçinin şəhər məkanının insan və cəmiyyət həyatındakı rolu barədə geniş məlumat verilib.

Seminarlar interaktiv müzakirələrlə davam edib, tələbələrin mövzularla bağlı sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu, Türkiyə Diyanət Vəqfi və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq “Yay məktəbi” avqustun 6-dək davam edəcək. Proqram çərçivəsində tələbələr üçün elmi seminarlar, tarixi-mədəni ekskursiyalar və müxtəlif akademik görüşlər təşkil olunur. “Yay məktəbi” proqramının əsas məqsədi tələbələrin elmi biliklərinin artırılması, onların mənəvi-mədəni dünyagörüşünün zənginləşdirilməsi, beynəlxalq akademik mühitlə tanışlığı və praktiki təcrübələrinin genişləndirilməsidir.

Вверх

Новости

Архив
alt menü