Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş tədbir keçirilib

08 May, 2026

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Aİİ və Bakı İlahiyyat Kollecinin kollektivi iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik ehtiram sükutu ilə yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Aİİ Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov tədbirin əhəmiyyətindən bəhs edib. O, milli-mənəvi dəyərlərin qorunması, gənclərin sağlam dünyagörüşü əsasında yetişdirilməsində Ümummilli Lider Heydər Əliyevin irsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Eynulla Mədətli “Heydər Əliyev şəxsiyyəti: siyasət və mənəviyyatın vəhdəti” mövzusunda çıxış edib. O, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasət və Azərbaycan cəmiyyətinin inkişafındakı rolundan bəhs edib. Ulu öndər Heydər Əliyevin siyasi irsi ilə mənəvi dəyərlər arasında mövcud olan vəhdətin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Eyni zamanda, Ümummilli Liderin həyata keçirdiyi strateji siyasətin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və milli həmrəyliyin təmin olunmasında xüsusi rol oynadığı diqqətə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, milli-mənəvi dəyərlərin aşılanması, vətənpərvərlik ruhunun gücləndirilməsi və onların elmi-intellektual inkişafının dəstəklənməsi istiqamətində mütəmadi olaraq müxtəlif maarifləndirici tədbirlər təşkil edilir.

sub menu