Tovuzda din xadimləri ilə görüş keçirilib

23 April, 2025

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə abituriyentlərin maarifləndirmə tədbirləri çərçivəsində din xadimləri ilə görüş keçirilib.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Taryel Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qazax–Tovuz regional bölməsinin müdir vəzifəsini icra edən Pərvin Zeynalov və din xadimləri iştirak ediblər.

Aİİ Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov çıxış edərək Azərbaycanın multikulturalizm və tolerantlıq istiqamətində nümunəvi ölkə olduğunu vurğulayıb. A.Qafarov bu nümunəviliyin qorunub-saxlanılması məqsədilə ölkədə həyata keçirilən tədbirlərdən bəhs edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən yaradılan Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətindən ətraflı şəkildə danışıb.

Daha sonra çıxış edən Aİİ rektorunun köməkçisi Emin Orucov İnstitutda təhsilin tamamilə ödənişsiz olduğunu nəzərə çatdırıb. O bildirib ki, Azərbaycanda yüksəksəviyyəli ali dini təhsil ocağının mövcud olması xaricə gedib dini təhsil almaq ehtiyacını aradan qaldırır. E.Orucov “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə tələbə qəbulu həyata keçirən ali təhsil müəssisəsində təhsilalanlara bütün dərsliklərin pulsuz paylandığını vurğulayıb. Eyni zamanda, tələbələrə yeməkpulu və yüksək göstəricilərə sahib olanlara isə adlı təqaüdlərin verildiyini diqqətə çatdırıb.

Sonda din xadimlərinin sualları cavablandırılıb.

sub menu