“Tarix danışan məkan”mövzusunda ekskursiya təşkil olunub
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, tələbələr üçün “Tarix danışan məkan” mövzusunda ekskursiya təşkil edib.
Ekskursiya çərçivəsində tələbələr “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Şirvanşahlar Sarayı Kompleksi ilə yaxından tanış olublar.
Tədbirin əsas məqsədi tələbələrdə Azərbaycanın tarixi-mədəni irsinə marağın artırılması, milli memarlıq nümunələrinin tanıdılması, eləcə də gənclərin tarix və mədəniyyət abidələrinin qorunmasına dair maarifləndirilmələri olub.
Ekskursiya zamanı Aİİ İslamşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa və AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu Gigiyena və bərpa şöbəsinin müdiri, Aİİ-nin müəllimi, sənətşünas Zaur Orucov tələbələrə Şirvanşahlar dövlətinin tarixi, saray kompleksinin memarlıq xüsusiyyətləri, burada yerləşən türbə, məscid, divanxana və digər tarixi tikililər haqqında ətraflı məlumat verib. Bildirilib ki, XV əsrə aid olan kompleks
Azərbaycanın Orta əsr memarlığının ən mühüm nümunələrindən biri hesab olunur və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tələbələrin tarixi-mədəni irs nümunələri ilə tanışlığına yönəlmiş müxtəlif tədbirlər həyata keçirir.