“Suverenliyin bərpasında və möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda “dəyirmi masa” keçirilib

21 November, 2025

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Suverenliyin bərpasında və möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə çıxış edən Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova vurğulayıb ki, ali təhsil müəssisəsində milli-mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə ötürülməsi, gənclərə Vətənə sədaqət duyğusunun aşılanması istiqamətində müxtəlif mövzularda tədbirlər keçirilir. O qeyd edib ki, gənclərimiz savadlı, bilikli, intellektli, vətənpərvərruhlu yetişməli, bu dəyərlərin təblığ edilməsi və yaşadılması istiqamətində səylə çalışmalıdırlar.

Daha sonra siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev “Suverenliyin bərpasında və möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda çıxış edib. O qeyd edib ki, millətin suverenliyi yalnız siyasi proseslərdən asılı deyil, bu, həm də xalqın özünəməxsus milli-mənəvi dəyərlərindən qidalanır. Azərbaycan xalqı üçün suverenliyin bərpası və möhkəmlənməsi məhz həmin dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlıdır.

Professor Azərbaycan xalqının milli-mənəvi və mədəni irsinin, eləcə də tarixi yaddaşının dövlətçilik ənənələrinin formalaşmasında həlledici əhəmiyyət daşıdığını vurğulayıb. R.Sevdimalıyev bildirib ki, “vətənpərvərlik ruhu və milli kimlik” anlayışları müstəqil dövlət quruculuğunun əsasını təşkil edir.

Ölkə rəhbərliyinin milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi baxımından müxtəlif tədbirlər həyata keçirdiyini qeyd edən R.Sevdimalıyev bu sahənin Azərbaycanın suverenliyinin möhkəmlənməsi üçün prioritet istiqamətlərdən biri olduğunu nəzərə çatdırıb.

Tədbir interaktiv formada davam edib.

sub menu