“Sağlamlığın qorunması və profilaktik tədbirlərin həyatımızdakı rolu” mövzusunda tədbir

28 April, 2026

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Sağlamlığın qorunması və profilaktik tədbirlərin həyatımızdakı rolu” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Aİİ İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov İslam dinində sağlam həyat tərzinin əhəmiyyətindən bəhs edib, insanın bədən və ruh sağlamlığının qorunmasının dini baxımdan da vacib olduğunu vurğulayıb. Bildirib ki, İslam dinində təmizlik, düzgün qidalanma, zərərli vərdişlərdən uzaq durmaq və profilaktik tədbirlərə əməl etmək mühüm prinsiplər kimi qəbul olunur.

Tədbirin əsas məruzəçisi – həkim anestezioloq-reanimatoloq Sevinc Hacıxanova çıxışında sağlamlığın qorunmasının yalnız xəstəliklərin müalicəsi ilə məhdudlaşmadığını, əsas diqqətin profilaktik tədbirlərə yönəldilməsinin vacibliyini qeyd edib. O, gündəlik həyat tərzində düzgün qidalanma, fiziki aktivlik, stresin idarə olunması və mütəmadi tibbi müayinələrin əhəmiyyəti barədə ətraflı məlumat verib. Həkim, həmçinin erkən diaqnostikanın bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Görüş interaktiv müzakirələrlə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi və profilaktik tibbi biliklərin artırılması olub.

sub menu