Rektor IV kurs tələbələri ilə görüşüb

30 September, 2022

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov IV kurs tələbələri ilə görüşüb.

Rektor A.Şirinov tələbələrə tədrisin sonuncu ilində olduqlarını bildirərək, onlara dərslərinə daha məsuliyyətlə yanaşmağı, dil bilgilərinə yiyələnməyi, təşkil edilən kurslarda fəal olmağı tövsiyə edib. İnstitutun dövlətin diqqət və qayğısı ilə tam əhatə olunduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, tələbələrimiz bu imkanlardan istifadə etməli, biliklərini təkmilləşdirərək yüksəkixtisaslı kadrlar kimi yetişməlidirlər.

Aİİ rəhbəri daha sonra vurğulayıb ki, ali təhsil müəssisəsi yüksəkixtisaslı kadr hazırlığını, insan kapitalının formalaşdırılmasını özünün prioritet vəzifələrindən biri kimi müəyyənləşdirir.

A.Şirinov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq, 24 may 2022-ci il tarixdə elan edilmiş müsahibədə iştirak edən, din xadimi təyin olunan məzunlarımız haqqında da məlumat verib. Bildirib ki, ali təhsil müəssisəsinin məqsədi sizin timsalınınızda cəmiyyətə savadlı, yüksək intellektə, geniş dünyagörüşə malik, sağlamdüşüncəli, Vətənini sevən, milli məfkurəyə sahib, milli-mənəvi dəyərlərimizi qoruyan din xadimləri təqdim etməkdir.

İnstitut rektoru bildirib ki, tələbələr ölkəmizin inkişafı, daha da çiçəklənməsi naminə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, milli-mənəvi dəyərlərimizi birləşdirici ünsür olaraq cəmiyyətə təbliğ etməlidirlər.

Tədbirdə tələbələrin tədris prosesi, təlim, təhsil və sosial məsələlər ətrafında sualları cavablandırılıb.

sub menu