“Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

03 April, 2026

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələri ilə görüşlərini davam edir.

Layihə çərçivəsində İnstitutun dekanı, dosent Elnurə Əzizova, Dillər və ictimai fənlər kafedrasının müəllimi, dosent Elvüsal Məmmədov və fakültənin əməkdaşı Əli Aslanov Bakının Səbail, Abşeron və Binəqədi rayonlarında yaşayan I kurs tələbələrindən bəzilərinin ailələrini ziyarət ediblər.

Görüşlər zamanı valideynlərə Aİİ-də yaradılmış müasir tədris infrastrukturu, tələbələrin bilik və bacarıqlarının inkişafına yönəlmiş proqramlar, eləcə də keçirilən elmi-praktiki tədbirlər haqqında ətraflı məlumat təqdim olunub.

Tələbələrin tədris ilində əldə etdikləri nəticələr, onların dərslərə davamiyyətləri, elmi və ictimai fəallıqları da müzakirə olunub.

Müəllimlər tələbələrin potensiallarının inkişafı və gələcəkdə ixtisaslı mütəxəssislər kimi formalaşmaları üçün görülən işlər barədə valideynlərlə fikir mübadiləsi aparıblar.

Valideynlər göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, belə təşəbbüslərin əhəmiyyətini vurğulayıblar. Onlar övladlarının sağlam, milli-mənəvi dəyərlərə sadiq mühitdə təhsil almalarından məmnun olduqlarını bildirərək, təhsil müəssisəsi ilə sıx əməkdaşlıq etməyə hazır olduqlarını nəzərə çatdırıblar.

Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, müasir dövrün tələblərinə uyğun dinşünas və islamşünas mütəxəssislərin hazırlanması üçün ailə və təhsil müəssisəsi arasında əməkdaşlığın daha da gücləndirilməsidir.

sub menu