Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru Aİİ-nin İlahiyyat fakültəsinin dekan müavini, dosent Asəf Qənbərov bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik tarixi gündür. Qeyd edib ki, xalqın iradəsinə söykənən bu qayıdış ölkənin gələcək inkişafı, sabitliyi və müstəqilliyinin təmin olunmasında həlledici rol oynayıb.
Aİİ-nin Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov 15 İyun tarixinin Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyətindən danışıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı ölkədə siyasi sabitliyin bərpasına, dövlətçiliyin möhkəmlənməsinə və müstəqil inkişafın təmin olunmasına zəmin yaradıb.
A.Qafarov çıxışında Ulu Öndərin elmə, təhsilə və milli-mənəvi dəyərlərə göstərdiyi diqqəti, Azərbaycançılıq ideologiyasının mahiyyətini və müasir dövlətçilik ənənələrinin formalaşmasındakı rolunu xüsusi vurğulayıb. O qeyd edib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycan hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir.