İlahiyyat İnstitutunun Tovuzda maarifləndirmə tədbiri təşkil edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2025–2026-cı tədris ili üzrə müəssisəyə yüksəkintellektli və savadlı gəncləri cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.
Bu istiqamətdə İnstitutun növbəti tədbiri Tovuz rayonunda baş tutub.
Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Taryel Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qazax–Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, müəllimlər və şagirdlər iştirak ediblər.
Aİİ Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov ölkəmizdə mövcud olan dövlət–din siyasəti haqqında söhbət açıb. A.Qafarov ali təhsil müəssisəsinin fəaliyyəti, hədəfləri və perspektivləri barədə geniş məlumat verib. İnstitutda təhsilin hər üç pilləsi üzrə mütəxəssis hazırlandığını qeyd edən kafedra müdiri bildirib ki, tədris öz sahəsinin peşəkarı olan müəllimlər tərəfindən həyata keçirilir. O, Aİİ-də tədris prosesi zamanı ölkəmizdə mövcud olan tolerant mühit nəzərə alınmaqla, bütün dinlər haqqında məlumat verildiyini diqqətə çatdırıb.
Azərbaycan İlahiyyat İnstitutunun rektor köməkçisi Emin Orucov Aİİ-yə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını nəzərə çatdırıb. E.Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, tələbələrin sosial həyatı haqqında da ətraflı danışıb.
Tədbirdə Aİİ-nin tanıtım videoçarxı nümayiş olunub.