İlahiyyat İnstitutunun növbəti maarifləndirmə tədbiri Quba rayonunda baş tutub

18 April, 2025

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2025–2026-cı tədris ili üzrə müəssisəyə yüksəkintellektli və savadlı gəncləri cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.

Bu istiqamətdə İnstitutun növbəti səfəri Quba rayonuna olub.

Quba Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov bildirib ki, Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar, eyni zamanda, gənclərimizin yüksəkintellektli savadlı kadrlar kimi yetişmələri üçün həyata keçirilən tədbirlər dövlət siyasətinin başlıca istiqamətlərindəndir.
Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı Turqay Kərimov Quba–Xaçmaz bölgəsi üzrə şagirdlərin təhsil göstəricilərindən, uğurlarından bəhs edib. Bildirib ki, təhsil cəmiyyətin inkişafının əsas faktorlarından biridir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Quba–Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasıyev ölkəmizdə dövlətin dinə qayğısını, dövlət–din münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov vurğulayıb ki, ölkəmizdə gənclərin mənəvi dəyərlərə bağlı, sağlamdüşüncəli, milli məfkurəyə sahib formada yetişməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da bu istiqamətdə atılan addımlardan biridir.

Prorektor M.Mürsəlov ali təhsil müəssisəsinin fəaliyyəti, hədəfləri və məqsədləri barədə geniş məlumat verib. Bildirib ki, İnstitutun əsas vəzifəsi Vətənini sevən, mənəvi dəyərlərimizi qoruyan din xadimləri və dinşünas mütəxəssislərin cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Ölkəmizdə mövcud olan sağlam dini mühiti qorumağın vacibliyini qeyd edən M.Mürsəlov vurğulayıb ki, yad qüvvələrin bu birgəyaşayış ənənəmizə, tolerant mühitimizə xələl gətirməsinə imkan verməməliyik.

Azərbaycan İlahiyyat İnstitutunun rektor köməkçisi Emin Orucov Aİİ-yə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını nəzərə çatdırıb. E.Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, tələbələrin sosial həyatı haqqında da ətraflı danışıb.

Tədbirdə Aİİ-nin tanıtım videoçarxı nümayiş olunub.

sub menu