İlahiyyat İnstitutunda ulu öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş tədbir keçirilib

07 May, 2025

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ulu öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Aİİ rektoru, dosent Aqil Şirinov Heydər Əliyev ideyalarının xalqımızın mənəvi sərvəti olduğunu vurğulayıb. Qeyd edib ki, Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev ölkəmizi ağır sınaqlardan məharətlə çıxarıb, təhsilin, iqtisadiyyatın inkişafı, sosial rifahın yüksəldilməsi istiqamətində böyük işlər görüb.

A.Şirinov dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında, ölkəmizin müstəqilliyi, milli-mənəvi dəyərlərimizin qorunması uğrunda əvəzolunmaz xidmətlərindən bəhs edib. Hazırda bu siyasəti cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb.

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.f.d., dos. Namiq Məmmədov “Heydər Əliyevin hakimiyyəti dövründə müstəqil Azərbaycanın iqtisadi inkişafı və ilk Konstitusiyası (1993–2003)” mövzusunda çıxış edib. O, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ərəfədə Azərbaycanda ümumi mənzərə haqqında məlumat verib. Bildirib ki, həmin dövrdə siyasi hakimiyyətdəki böhran tez-tez hakimiyyət dəyişikliklərinə gətirib-çıxarırdı, eyni zamanda, iqtisadi tənəzzül hökm sürürdü.

Məruzəçi Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın iqtisadi vəziyyətində baş verən irəliləyişlərdən bəhs edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilib, 100-dən çox fərman və sərəncam imzalanıb.

N.Məmmədov daha sonra qeyd edib ki, həmin dövrdə, həmçinin iqtisadi islahat proqramları qəbul olunub və həyata keçirilməyə başlanıb.

N.Məmmədov Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və qəbul olunması, burada əksini tapmış əsas müddəalar haqqında da məlumat verib.

sub menu