İlahiyyat İnstitutu maarifləndirmə tədbirlərinə başlayıb

07 April, 2025

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2025–2026-cı tədris ili üzrə müəssisəyə yüksəkintellektli və savadlı gəncləri cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərinə başlayıb.

Bu istiqamətdə İnstitutun ilk səfəri Bakı şəhərinin Xəzər rayonuna olub.

Tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Elçin Mənsurov adına 88 nömrəli tam orta məktəbin direktoru Mirnağı Nəzərli tədbir iştirakçılarını salamlayıb, Aİİ haqqında ümumi məlumat verib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) nümayəndəsi Əfqan İsgəndərov ölkəmizdə təhsilin və elmin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edib. O, keyfiyyətli təhsilin insan həyatındakı vacib rolunu vurğulayıb. Həmçinin, ölkəmizdə din təhsili sahəsində yeganə ali dini təhsil müəssisəsi olan Aİİ-yə diqqət çəkib.

Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova ölkəmizdə dövlət–din münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən danışıb, din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb.

E.Əzizova DQİDK tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun ölkədə fəaliyyət göstərən yeganə ali dini təhsil ocağı olduğunu vurğulayıb. O, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Bildirib ki, İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim–tələbə münasibətləri hökm sürür. Ali təhsil müəssisəsi tədrisin keyfiyyətinin artırılması, təhsilalanların fənlər üzrə bilik və bacarıqlarının inkişafı istiqamətində səylə fəaliyyət göstərilir.

Elnurə Əzizova İnstitutun məqsəd və hədəfləri, ali təhsil müəssisəsində mövcud ixtisaslar barədə ətraflı məlumat verib. Aİİ-də təhsilin bütün pillələri üzrə tədris həyata keçirildiyini qeyd edən dekan İnstitutda yaxşı oxuyan tələbələrin mübadilə proqramları vasitəsilə xaricdə təhsillərini davam etdirdiklərini vurğulayıb.

Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov Aİİ-yə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını bildirib. E.Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil, tələbələrin sosial həyatı haqqında da ətraflı danışıb.

Tədbirdə Aİİ-nin tanıtım videoçarxı nümayiş olunub.

sub menu