Din Araşdırmaları Jurnalı elektron formatda dərc edilib

13 January, 2026

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan Din Araşdırmaları Jurnalının növbəti buraxılışı elektron formatda dərc edilib.
Jurnala məqalə qəbulu rəsmi internet saytı vasitəsilə (https://journal.ait.edu.az/daj) elektron şəkildə həyata keçirilib.
Fəlsəfə, Din psixologiyası, Din sosiologiyası, İslam hüququ, Kəlam, Tarix, Təfsir və Təsəvvüf bölmələrində yer alan elmi məqalələr öz sahələrinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilib.
Jurnalın əsas məqsədi psixologiya və fəlsəfə üzrə, o cümlədən dinin tarixi, fəlsəfəsi, din sosiologiyası və din psixologiyası üzrə Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində hazırlanmış müstəqil araşdırmaları məqalə və resenziya şəklində dərc etmək, beynəlxalq miqyasda bu istiqamətdə məlumatların, tədqiqatların artmasına töhfə verməkdir.
Din Araşdırmaları Jurnalının redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan, İndoneziya və Malayziya kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdən ibarətdir.
Qeyd edək ki, elmi nəşrə göndərilən və qəbul edilən məqalələr üçün heç bir ödəniş tələb olunmur. Jurnalda dərc olunan hər məqalə üçün DOI (Digital Object Identifier) təsisçi tərəfindən təmin edilir.
Məlumat üçün bildirək ki, jurnal 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib. Həmçinin “DOAJ” beynəlxalq xülasələndirmə və indeksləmə bazasında qeydiyyatdan keçib.

sub menu