Azərbaycan İlahiyyat İnstitutunun növbəti maarifləndirici tədbirləri Yardımlıda keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən 2026–2027-ci tədris ili üzrə abituriyentlərin məlumatlandırılmaları məqsədilə maarifləndirici tədbirlər davam etdirilir.
Bu çərçivədə növbəti görüşlər Yardımlı rayonunda təşkil olunub.
Görüşlərdə Lənkəran–Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Pənah Tağıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran–Astara regional bölməsinin müdiri Qağayı Məmmədov, abituriyentlər, müəllimlər, dövlət qurumlarının nümayəndələri və din xadimləri iştirak ediblər.
Çıxış edənlər təhsil sahəsində həyata keçirilən islahatlar, eləcə də gənclərin savadlı, yüksəkintellektli kadrlar kimi yetişdirilmələri dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd ediblər. Eyni zamanda ölkəmizdə dövlət–din münasibətlərinin yüksək səviyyədə qurulduğunu, dini maarifləndirmə tədbirlərinin cəmiyyətin sabitliyinə mühüm töhfə verdiyini bildirib və gənclərin radikal təsirlərdən qorunmasında düzgün dini biliklərin əhəmiyyətini vurğulayıblar.
Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov ölkəmizdə dövlət–din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu diqqətə çatdırıb. O, din sahəsinə və milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyini qeyd edib. M.Mürsəlov, həmçinin Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kolleci haqqında geniş məlumat verərək bildirib ki, hər iki təhsil müəssisəsində şəffaf və qarşılıqlı etimada əsaslanan müəllim–tələbə münasibətləri mövcuddur. Tədrisin keyfiyyətinin artırılması, tələbələrin bilik və bacarıqlarının inkişafı istiqamətində məqsədyönlü işlər aparılır.
Aİİ-nin rektor köməkçisi Emin Orucov Aİİ-yə və kollecə qəbul prosesi, mövcud ixtisaslar və təhsil imkanları barədə ətraflı məlumat verib. O bildirib ki, təhsil müəssisələrinə qəbul olan abituriyentlər dövlət tərəfindən yaradılmış şəraitdən, ödənişsiz təhsil imkanlarından və digər imtiyazlardan faydalanırlar.
E.Orucov, həmçinin Aİİ-də xarici dillərin öyrənilməsi imkanları, təqaüd proqramları və tələbələrin sosial həyatı haqqında da ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.