Azərbaycan İlahiyyat İnstitutunda Məzun günü keçirilib

23 June, 2025

İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2024/2025-ci tədris ili üzrə Məzun günü keçirilib.

Tədbiri giriş sözü ilə açan Aİİ rektoru Aqil Şirinov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dini sahəyə diqqətinin təzahürü olaraq yaradılan ali təhsil müəssisəsinin fəaliyyəti, qarşıya qoyduğu hədəf və məqsədləri barədə geniş məruzə edib. İnstitut rəhbəri qeyd edib ki, Aİİ yarandığı gündən etibarən din sahəsində yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində səylə çalışır. Məqsədimiz dini sahədə bilikli, savadlı, məntiqi təfəkkürü güclü, milli-mənəvi dəyərlərimizə sadiq, xalqımızın mənafeyini qoruyan vətənpərvər kadrlar hazırlayaraq ölkəmizdə tolerant, multikultural mühitin qorunmasına töhfə verməkdir. Aqil Şirinov daha sonra qeyd edib ki, 2024/2025-ci tədris ili üzrə 48 bakalavr, 8 magistr tələbə məzun olub. İndiyədək ali təhsil müəssisəsindən 221 tələbə məzun adını qazanıb. Məzunların işlə təminolunma məsələsinə diqqət çəkən rektor vurğulayıb ki, onlar məscidlərdə imam, imam müavini, dini ayinlərin icrası kimi vəzifələrdə çalışır, bir qismi isə dövlət müəssisələrində fəaliyyət göstərir. Aİİ rektoru, həmçinin peşəkar kadrların hazırlanması məqsədilə ali təhsil müəssisəsinin xarici ölkələrin dini sahədə tanınmış universitetləri ilə yaxından əlaqələr qurduğunu da diqqətə çatdırıb.

İnstitutun professor-müəllim heyəti və tələbələrinə “Məzun günü” münasibətilə təbriklərini çatdıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanda dini təhsilin strateji hədəfləri barədə danışıb. Bildirib ki, dövlət-din münasibətlərinin ölkənin ümumi milli maraqları kontekstində inkişafının təmin edilməsi, vətənpərvər, peşəkar və dövlətçilik təfəkkürünə sahib ilahiyyatçıların və din xadimlərinin hazırlanması dini təhsildə əsas istiqamətlərdəndir. Bu sahədə dini inancların sosial təbəqələşmə amili kimi deyil, milli kimlik və vətəndaş kimliyinin formalaşmasının struktur elementi kimi qəbul edən ictimai düşüncə tərzinin təşviqinə, cəmiyyətin dini baxımdan maarifləndirilməsi, dini radikalizm və ekstremizm təbliğatına qarşı mübarizənin sistemləşdirilməsinə xüsusi önəm verilir. Komitə sədri vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutunda və Bakı İlahiyyat Kollecində təhsil ödənişsizdir, tələbələr üçün müxtəlif təqaüd proqramları təsis olunub, onlara müxtəlif formalarda dəstək göstərilir. Bütün bunlar Azərbaycan dövlətinin diqqət və qayğısının nəticəsidir.

Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də mənəvi-ideoloji baxımdan ölkəmizə və ailələrimizə müxtəlif kənar təsirlər mövcuddur. Belə bir mühitdə bizim borcumuz hərtərəfli inkişaf etmiş, düşüncəli, güclü gənc nəsil yetişdirməkdir. H.Hüseynova qeyd edib ki, bu gün məzunlar arasında qızlarımızın olması xüsusilə sevindiricidir. Müasir Azərbaycan qadını savadı, biliyi, özünü daim inkişaf etdirməsi ilə cəmiyyətin inkişafında aparıcı rol oynayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva verdiyi dini təhsilin səviyyəsinə görə bu gün nəinki Azərbaycanda, artıq bölgəmizdə də böyük nüfuz qazanmış İlahiyyat İnstitutunun əlamətdar günündə iştirak etməyin qürurverici olduğunu vurğulayıb. Qeyd edib ki, İnstitutun qazandığı bu uğurun əsas səbəbi təkcə dini biliklərin verilməsi deyil, həm də burada formalaşan mənəvi mühit, cəmiyyətə xidmət ruhunun tələbələrə aşılanmasıdır. A. Sofiyeva Cəmiyyətimizin mənəviyyat daşıyıcısı olan, milli-mənəvi dəyərləri doğru anlayan və onları doğru şəkildə çatdıran gənc kadrlara bu gün hər zamankından daha çox ehtiyacı olduğunu deyib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov dövlətçilik ənənələrimizə bağlı mütəxəssislərin yetişdirilməsinin vacibliyini vurğulayaraq, tələbələrin milli-mənəvi dəyərlərimizin təşviqi istiqamətində xüsusi rol oynayacaqlarına əminliyini ifadə edib. BBMM tərəfindən də Aİİ tələbələri üçün təqaüd təsis ediləcəyini vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid gənc mütəxəssislər üzərinə ümdə vəzifə qoyulduğunu, onların ölkəmizdə mövcud milli dəyərlərimiz, adət-ənənələrimizin qorunması istiqamətində səylə çalışacaqlarına inandığını qeyd edib.

Tədbirdə çıxış edən məzunlar Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının peşəkar mütəxəssislərin yetişdirilməsində mühüm rol oynadığını bildiriblər.

Çıxışlardan sonra İnstitutu yüksək göstəricilərlə başa vuran məzunların və fərqlənən İnstitut əməkdaşlarının təltif edilməsi mərasimi keçirilib.

Məzun Günü proqramı çərçivəsində İslam incəsənəti dərnəyi sərgisi nümayiş olunub, Aİİ-nin müəllim və tələbələrdən ibarət özfəaliyyət kollektivinin ifasında musiqi proqramı təqdim edilib, I kurs tələbəsi Elvin Qurbanov tərəfindən Quran tilavəti səsləndirilib.

sub menu