AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTUNUN MÜƏLLİMİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

22 June, 2024

Latviya Respublikasının paytaxtı Riqa şəhərində “Azərbaycan elm və poeziyanın kəsişməsində” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Latviyadakı Səfirliyinin dəstəyi və Latviya Universitetinin təşkilatçılığı ilə baş tutub.

Latviya Universitetində təşkil edilən beynəlxalq konfransda Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müəllimi, f.f.d. Aliyə Mürsəlova “Azərbaycanın mədəni irsinin və dini müxtəlifliyinin elmə verdiyi töhfələr” (Contributions of Azerbaijan’s cultural heritage and religious diversity to science) mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi Azərbaycan torpaqlarında əsrlərboyu yaşayan xalqların tarixi-mədəni irsi haqqında məlumat verib. A.Mürsəlova azərbaycanlı alimlərin, o cümlədən ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin elm sahələrinə verdiyi töhfələr barədə söhbət açıb. Ölkəmizdə yaşayan fərqli etnik qrup və din nümayəndələrinin dünəni və bugünü barədə tarixi faktlarla Azərbaycanda multikulturalizm modelinə dair nümunələr göstərib.

Qeyd edək ki, tədbirdə Avropa ilə Asiya arasında körpü rolunu oynayan və müxtəlif sivilizasiyaların kəsişmə nöqtəsində yerləşən Azərbaycanın mədəni irsi və dini müxtəlifliyinə daha geniş nöqteyi-nəzərdən, həmçinin müxtəlif elm və incəsənət fənləri vasitəsilə baxılıb. Tədbir çərçivəsində, eləcə də dahi Azərbaycan mütəfəkkirləri və şairlərinin dünya mədəni irsinə verdiyi töhfələr haqqında müzakirələr aparılıb.

sub menu