Almaniyanın Süryani Ortodoks Kilsəsinin nümayəndə heyəti İlahiyyat İnstitutunda olub

19 June, 2024

Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikası Süryani Ortodoks Kilsəsinin nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.

Aİİ rektoru Aqil Şirinov qonaqlara ölkəmizdə mövcud olan birgəyaşayış ənənəsi, tolerantlıq mühiti barədə məlumat verib. Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayan rektor, Azərbaycan dövlətinin ölkədəki ənənəvi dini qruplara daim qayğı ilə yanaşdığını qeyd edib.

A.Şirinov Aİİ haqqında geniş məlumat verib. Ali təhsil müəssisəsində mövcud ixtisaslar, təhsil səviyyələri barədə bəhs edərkən bildirib ki, tədris zamanı bütün dinlər haqqında tələbələrə geniş bilgilər verilir.

Almaniyadakı Suriya Pravoslav Kilsəsinin Ekumenik Məsələlər üzrə Arxiyepiskopu Julius Hanna Aydın süryani icmasına dair məlumat verib. O, dünyada radikallığın artdığı indiki dövrdə Azərbaycanın tolerantlıq baxımından müsbət təcrübə yaratdığını söyləyib, bu təcrübənin öyrənilməsinin vacib olduğunu bildirib.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Almaniyadakı Suriya Pravoslav Kilsəsinin Ekumenik Məsələlər üzrə Arxiyepiskopu Julius Hanna Aydın, Süryani Ortodoks Mor Yaqub Dasruq Kilsəsinin Arxidyakonu Abuna Murat Üzel, Fray Universitetinin əməkdaşı Susi Üzel, Süryani icmasının və Süryani kilsənin 12 nəfərlik idarə heyətinin sədri Andreas Çelik daxildir.

sub menu