Aİİ və BİK tələbələrinin Türkiyədə beynəlxalq “Yay məktəbi” davam edir

29 July, 2026

Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kolleci tələbələrinin Türkiyənin İstanbul şəhərində iştirak etdikləri beynəlxalq “Yay məktəbi” davam edir.

Proqram çərçivəsində tələbələr “Qərbdə İslam araşdırmaları və mərkəzləri” mövzusunda seminarda iştirak ediblər. Tədqiqatçı Ali Rza Işın Qərbdə, xüsusilə ABŞ-də ilahiyyat, xüsusilə İslam elmləri sahəsində aparılan tədqiqatlar, fəaliyyət göstərən akademik mərkəzlər və bu istiqamətdə formalaşmış elmi yanaşmalar barədə ətraflı bəhs edib.

“Qurani-Kərimin tarixi və qiraət məktəbləri” mövzusunda keçirilən növbəti seminarda isə Anadolu Dini İxtisas Akademiyasının müdir müavini Ahmet Yazıçı Qurani-Kərimin nazil olma tarixi, toplanması və qorunması prosesi, qiraət məktəblərinin yaranması, inkişaf mərhələləri və İslam elmlərində tutduğu mühüm yer barədə geniş məlumat verib. Tədqiqatçı qiraət ənənəsinin formalaşması, məşhur qiraət imamlarının elmi irsi və bu sahənin müasir dövrdə öyrənilməsinin əhəmiyyəti haqqında bəhs edib.

Daha sonra tələbələr dünya şöhrətli alim, İslam elm tarixi üzrə tədqiqatçı, professor Fuat Sezginin zəngin elmi irsini əks etdirən Professor Fuat Sezgin Elmlər Tarixi Muzeyini (Bilimlər Tarihi Müzesi) ziyarət ediblər. Ekskursiya zamanı iştirakçılar İslam sivilizasiyasının elm və texnologiyanın inkişafına verdiyi töhfələri nümayiş etdirən eksponatlarla tanış olub, Orta əsrlər müsəlman alimlərinin astronomiya, tibb, coğrafiya, riyaziyyat və digər elm sahələrində əldə etdikləri nailiyyətlər barədə ətraflı məlumat əldə ediblər.

Proqram çərçivəsində tələbələr Osmanlı dövrünün ali təhsil sistemində mühüm yer tutan Sahni-Səman mədrəsələrini ziyarət edib, burada Salih Eserin təqdimatında keçirilən seminarda iştirak ediblər. Seminar zamanı klassik mədrəsə təhsilinin tarixi, tədris ənənələri və elmi irsi barədə geniş məlumat verilib.

Daha sonra beynəlxalq “Yay məktəbi”nin iştirakçıları Elm Tarixi İnstitutunda professor İhsan Fazlıoğlu və f.f.d. Elmin Əliyevin məruzələrini dinləyiblər. Görüşdə İslam elm tarixinin inkişaf mərhələləri, klassik elmi irsin müasir dövrdə araşdırılması və bu sahədə aparılan tədqiqatların əhəmiyyəti müzakirə olunub, tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu, Türkiyə Diyanət Vəqfi və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq “Yay məktəbi” avqustun 6-dək davam edəcək. Proqram çərçivəsində tələbələr üçün elmi seminarlar, tarixi-mədəni ekskursiyalar və müxtəlif akademik görüşlər təşkil olunur.

sub menu