Aİİ və BİK tələbələrinin İstanbulda “Yay məktəb”i davam edir

04 August, 2026

Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin tələbələrinin Türkiyənin İstanbul şəhərində iştirak etdikləri beynəlxalq “Yay məktəbi” proqramı davam edir.

Proqram çərçivəsində tələbələr İstanbulun zəngin tarixi, dini və mədəni irsini əks etdirən mühüm abidələri ziyarət ediblər. İştirakçılar dünya memarlığının nadir incilərindən sayılan Ayasofiya məscidi, Bizans dövrünün əhəmiyyətli dini tikililərindən olan Qariye məscidi, eləcə də şəhərin ən qədim su qurğularından biri olan Yerebatan Sarnıc kompleksi ilə yaxından tanış olublar.

Ekskursiya zamanı ziyarət olunan tarixi məkanların memarlıq xüsusiyyətləri, tarixi inkişaf mərhələləri, dini və mədəni əhəmiyyəti barədə ətraflı məlumat verilib. İştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu, Türkiyə Diyanət Vəqfi və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq “Yay məktəbi” avqustun 6-dək davam edəcək. Proqram çərçivəsində tələbələr üçün elmi seminarlar, tarixi-mədəni ekskursiyalar və müxtəlif akademik görüşlər təşkil olunur. “Yay məktəbi” proqramının əsas məqsədi tələbələrin elmi biliklərinin artırılması, onların mənəvi-mədəni dünyagörüşünün zənginləşdirilməsi, beynəlxalq akademik mühitlə tanışlığı və praktiki təcrübələrinin genişləndirilməsidir.

sub menu