Aİİ tələbələri Zəfər Muzeyini ziyarət ediblər
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri 8 Noyabr – Zəfər Günü ilə əlaqədar təsdiqlənmiş tədbirlər planına uyğun olaraq Zəfər Muzeyini ziyarət ediblər.
Ziyarət zamanı tələbələrə Azərbaycanın Vətən Müharibəsində qazandığı tarixi Zəfəri əks etdirən eksponatlar, 44 günlük savaşın gedişi və qəhrəmanlıq salnaməsi haqqında məlumatlar verilib.
Tələbələr, həmçinin Tədbirlər Planı çərçivəsində İnstitutda “44 gün 44 an” filmini izləyiblər. “ATV News” tərəfindən hazırlanmış bu sənədli filmdə Vətən Müharibəsinin 44 günü ərzində yaşanmış şərəfli və kədərli anlar xatırlanır. Filmdə, həmçinin hərbi əməliyyatların gedişatını, döyüş meydanından görüntüləri və xalqımızın Qələbə yolundakı birlik hissini əks etdirən müxtəlif epizodlar vasitəsilə tarixi Zəfərə aparan yolun mənzərəsi canlandırılır.
Qeyd edək ki, İlahiyyat İnstitutunda tələbələrin milli-mənəvi dəyərlərə bağlılıqlarının möhkəmləndirilməsi, onların Vətənə sevgi, dövlətçilik ruhunda yetişdirilməsi üçün müxtəlif tədiblər həyata keçirilir.