Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDİK), Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Öncə Dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Aİİ rektoru Aqil Şirinov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində qələbəmizi bizə qazandıran müzəffər ordumuzun əsgər və zabitləri qarşısında baş əyir, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ölkəmizin igid oğulları Ali Baş Komandanın başçılığı ilə qəhrəmancasına döyüşərək öz qanları bahasına bu qələbəni bizə qazandırdığını vurğulayan rektor qeyd edib ki, Zəfərimizi təmin edən əsas amillərdən biri xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi oldu.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan xalqı tarixində çox uğurlara imza atıb: “44 günlük Vətən müharibəsinin nəticəsində qazanılan möhtəşəm Zəfərə qədər gələn yola nəzər salsaq, Ulu Öndər Heydər Əliyevin dövlət, ordu quruculuğu istiqamətində apardığı siyasətini və məhz bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən çox böyük uğurla, dəqiqliklə davam etdirilməsinin nəticəsini görərik”. Komitə sədri vurğulayıb ki, 30 ildən sonra 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsinin əsasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli maraqları ifadə edən qətiyyətli siyasəti, yüksək şəxsi keyfiyyətləri və təcrübəli idarəetmə bacarığı dayanırdı. Vətən müharibəsində xalqımızın dövlət başçısının həyata keçirdiyi siyasətlə bağlı həmrəylik göstərdiyini qeyd edən Mübariz Qurbanlı vətənpərvər övladlarımızın onun çağırışına qoşularaq birlik, həmrəylik nümayiş etdirdiyini vurğulayıb. O bildirib ki, bu Zəfər Gününə həsr olunmuş tədbiri keçirməyimizə səbəb olan qələbənin əldə edilməsinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, xüsusilə Azərbaycan əsgərinə, döyüşlərdə öz canını fəda edən şəhidlərimizə və qazilərimizə borcluyuq.
Millət vəkili Ceyhun Məmmədov 44 günlük Vətən müharibəsini tariximizin ən qürurlu, ən şanlı, ən unudulmaz səhifəsi adlandırıb. O bildirib ki, ordumuzun gücü, Ali Baş Komandanın siyasəti və Azərbaycan xalqının birliyi ilə 44 günlük Vətən müharibəsində Zəfər qazandıq. Otuz ilə yaxın Azərbaycan xalqının bu günü gözlədiyini vurğulayan millət vəkili bildirib ki, torpaqlarımızı azad edərək bütün dünyaya göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır, ermənilərin bütün təbliğatı mifdir. Azərbaycan xalqı göstərdi ki, I Qarabağ müharibəsində ermənilər xarici dəstək hesabına üstünlük qazanıb.
MDTF-nin icraçı direktoru Mehman İsmayılov Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi qələbədən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun mənəvi gücündən bəhs edib. M.İsmayılov gənclərin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin rolundan danışıb.
44 günlük Vətən müharibəsi iştirakçısı baş gizir, kəşfiyyat qrup komandiri İlqar Cahangirov, qazilər Mobil Əhmədzadə və Ayaz Allahverdiyev çıxış ediblər. Vətən müharibəsi iştirakçısı olaraq qürur hissi duyduqlarını, Ali Baş Komandan, xalq, ordu birliyindən ilhamlanaraq yüksək mübarizlik, vətənpərvərlik ruhu ilə döyüşlərə qatıldıqlarını qeyd ediblər.
Tədbirdə Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, 44 günlük Vətən müharibəsi şəhidi Həmidağa Hüseynzadə haqqında “Bayraq oldum, enmədim!” adlı film təqdim olunub. Sonda şəhidin atası Bağı Hüseynzadə çıxış edərək oğlunun Vətən uğrunda şəhidlik zirvəsinə ucalmasından qürur hissi duyduğunu bildirib. Şəhid atası gənclərimizi Vətənin hər zaman keşiyində durmağa, vətənpərvər olmağa çağırıb.