Yeni tədris ilinin ilk iclası keçirilib

21 Sentyabr, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yeni tədris ilinin başlanması münasibətilə iclas keçirilib.

Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib.

Aİİ rektoru, dosent Aqil Şirinov yeni tədris ilinin başlanması münasibətilə ali təhsil müəssisəsinin kollektivini təbrik edib, işlərində uğurlar arzulayıb. Rektor qarşıda duran hədəf və məqsədlər barədə danışıb.

A.Şirinov ali təhsil müəssisəsində təhsilalanlar üçün yaradılan şəraitdən bəhs edib. Bildirib ki, tədris prosesi zamanı, eləcə də dərsdənkənar məşğələlərdə müəllimlər tələbələrin savadlanması, elmi potensiallarının yüksəldilməsi üçün səylə çalışmalı, onların Vətənə, xalqa xeyirli, bilikli, zəngindünyagörüşlü mütəxəssislər kimi yetişməsi yönündə bacarıqlarını əsirgəməməlidirlər.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov Aİİ-nin Magistratura və doktorantura şöbəsinin, Mətbuat və Beynəlxalq əlaqələr bölmələrinin il ərzində gördüyü işlər, qarşıda duran hədəflər barədə geniş məlumat verib.

M.Mürsəlov dərslik və kitabların nəşri məsələlərinə də toxunub. “Din araşdırmaları” jurnalının növbəti saydan etibarən, elektron formatda yayımlanacağını vurğulayıb. Jurnalın rəsmi internet saytı müasir standartlara cavab verir, həmçinin beynəlxalq jurnallarda məqalələrin yazılması və yayımlanması tələblərinə uyğun olaraq hazırlanıb.

Prorektor İlahiyyat İnstitutunun xarici ölkə universitetləri ilə əlaqələrin qurulması üçün səylə çalışdığını vurğulayıb. Tələbələrin birsemestrlik xarici ali təhsil müəssisələrində təhsillərini davam etdirdiklərini və uğur qazandıqlarını diqqətə çatdırıb. Prorektor bildirib ki, yeni tədris ilində də təhsilalanlar üçün lazımi şərait yaradılacaq.

Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova ötən semestrin yay imtahan sessiyası barədə məlumat verib. Ən yüksək nəticə göstərən tələbələrə ayrılacaq təqaüdləri diqqətə çatdırıb.

E.Əzizova tələbələrin elmi potensiallarının artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün əlavə kurslar barədə söhbət açıb. Təhsilalanlar üçün bu tədris ilində də dil və peşə hazırlığı kurslarının keçiriləcəyini qeyd edib.
Tədbir qarşıda duran məqsəd, hədəf və vəzifələrin müzakirəsi ilə davam edib.

alt menü