Polşa müftisi İlahiyyat İnstitutunda olub

20 Sentyabr, 2023

Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova və Polşa Müsəlmanları İttifaqının sədri, müfti Tomaş Mişkeviç Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.

Aİİ rektoru, dosent Aqil Şirinov ali təhsil müəssisəsinin fəaliyyəti, hədəfləri və məqsədləri barədə qonaqlara geniş məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində İnstitutun təsis olunduğunu qeyd edib.

Aqil Şirinov müəssisədə həyata keçirilən qəbul prosesi, İnstitutun tələbə kontingenti, həmçinin beynəlxalq əlaqələri haqqında da məlumat verib. Qeyd edib ki, Aİİ-də təhsilin hər üç pilləsi üzrə yüksək səviyyəli tədris həyata keçirilir. İnstitutda təhsilin tamamilə ödənişsiz olduğunu vurğulayan rektor bildirib ki, bakalavr pilləsində “İslamşünaslıq” və “Dinşünaslıq” ixtisasları üzrə qəbul həyata keçirilir.

Rektor tədris prosesində müasir metodlardan istifadə olunduğunu, Azərbaycanda mövcud multikultural və tolerant mühitin nəzərə alındığını diqqətə çatdırıb.

Aqil Şirinov daha sonra Azərbaycanın haqq mübarizəsi olan 44 günlük Vətən Müharibəsinə diqqət çəkib. Bildirib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu əsrin az qala üçdəbirini əhatə edən işğala 44 gün ərzində son qoydu və ölkənin ərazi bütövlüyü bərpa olundu. Erməni vandallarının tarixi abidələrimizə, məscidlərimizə qarşı törətdikləri cinayət əməlləri haqqında bəhs edən rektor bildirib ki, bu əməllər bütövlükdə islami dəyərlərinə qarşı yönəldilib.

Polşa Müsəlmanları İttifaqının sədri, müfti Tomaş Mişkeviç Aİİ-yə fəaliyyətində, qarşısında duran məqsədlərinə çatmasında uğurlar arzulayıb, həmçinin Azərbaycanda belə bir ali dini təhsil müəssisəsinin mövcud olmasından məmnunluğunu ifadə edib. Tomaş Mişkeviç təmsil etdiyi qurumla, eləcə də Polşa universitetlərinin ilahiyyat fakültələri ilə ali təhsil müəssisəsinin əməkdaşlıq əlaqələrinin qurulmasında əlindən gələni əsirgəməyəcəklərini diqqətə çatdırıb.

Sonda qonaqlar Aİİ-nin auditoriyaları, Kitabxana fondu ilə tanış olublar.

alt menü