Ukrayna-Azərbaycan layihələrinin rəhbəri Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib

13 Fevral, 2020

Ukrayna-Azərbaycan layihələrinin rəhbəri, jurnalist Marina Qonçaruk Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.

Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qonağı salamlayaraq, onu İnstitutda görməkdən məmnun olduğunu bildirib. Ali təhsil müəssisəsi haqqında geniş məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına böyük önəm verdiyini nəzərə çatdırıb. Qeyd edib ki, İnstitut dünyanın bir çox ölkəsinin bu sahə üzrə ixtisaslaşmış təhsil və tədqiqat müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlıdır.

C.Məmmədov daha sonra İnstitutun tədris sahəsində təcrübə qazanmasında əməkdaşlıq etdiyi ali təhsil qurumları ilə əlaqələrinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Rektor elmi tədqiqat işlərinin aparılmasının, birgə layihələrin reallaşdırılmasının, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin, tələbə mübadiləsinin həyata keçirilməsinin zəruriliyinə toxunub.

Daha sonra Marina Qonçaruk təmsil etdiyi ölkənin universitetləri ilə Aİİ arasında əlaqələrin təşkili, qarşılıqlı təcrübə mübadiləsi məsələlərinə toxunub.

Görüşdə gələcək əməkdaşlıqla yanaşı, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

alt menü