Türkiyədə “Azərbaycan” kitabı nəşr olunub

22 Yanvar, 2026

Azərbaycan İlahiyyat İnstitutu İlahiyyat fakültəsinin dekan müavini, dos. Asəf Qənbərovun həmmüəllif olduğu kitab Türkiyədə nəşr olunub.

Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin təşkilatçılığı ilə nəşr olunmuş “Azerbaycan” adlı kitab ölkənin tarixi, siyasi, iqtisadi, dini və mədəni həyatını əhatə edir. Əsər Türkiyə Respublikası Marmara Universitetinin professoru Vüqar İmanbəyli və İstanbul Universitetinin professoru Halil Balın redaktorluğu ilə hazırlanıb. Kitabın “Azerbaycanda din ve toplum” bölməsinin müəllifi dos. Asəf Qənbərovdur.

Kitabın nəşr olunmasında məqsəd Türkiyə ilə Azərbaycan arasında mövcud olan tarixi, mədəni və siyasi əlaqələri elmi baxımdan geniş şəkildə araşdırmaqdır. Nümunədə Azərbaycan tarixinin qədim zamanlardan başlamış müasir mərhələyədək, həmçinin Sovet İttifaqı dövrü və müstəqilliksonrası dəyişikliklər, ölkəmizin siyasi, iqtisadi və sosial inkişafı və bu kontekstdə baş vermiş proseslər, Dağlıq Qarabağ münaqişəsi və regionun geosiyasi vəziyyəti, dövlət–din münasibətləri yer alır.

Qeyd edək ki, kitab yalnız akademik dairələr üçün deyil, həmçinin türk dünyası və Azərbaycan haqqında məlumat almaq istəyən geniş oxucu kütləsi üçün də faydalı bir mənbə kimi nəzərdə tutulub.

alt menü