İlahiyyat İnstitutunda Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib

19 Yanvar, 2026

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.

İlahiyyat fakültəsinin dekan müavini, dosent Asəf Qənbərovun moderatorluğu ilə baş tutan tədbirdə Aİİ İslamşünaslıq kafedrasının müəllimi, dosent Rəşad Mustafa məruzə ilə çıxış edib.

Rəşad Mustafa 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə yaşananların Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ən ağrılı, eyni zamanda, şərəfli səhifələrindən biri olduğunu qeyd edib.

R.Mustafa tarixi mənbələrə istinad edərək, 20 Yanvar faciəsindən əvvəlki proseslərə və həmin hadisədən sonra baş vermiş mühüm məqamlara toxunub. Qeyd edib ki, 20 Yanvar təkcə faciə deyil, həm də qəhrəmanlıq tarixidir. Azərbaycan xalqı həmin gecə azadlıq iradəsindən dönmədiyini, zor və təzyiq qarşısında sınmadığını bütün dünyaya nümayiş etdirdi.

Məruzəçi Azərbaycan xalqının haqq səsini Moskvadan bütün dünyaya çatdıran Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətlərini vurğulayıb. O, diqqətə çatdırıb ki, Ulu Öndər dövrün mürəkkəbliyinə və işlərinin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə bağlı mühüm addımlar atıb.

R.Mustafa xüsusi vurğulayıb ki, 20 Yanvar hadisələri zamanı olduğu kimi, 44 günlük Vətən müharibəsində də xalqımızın birlik ruhunun, bir yumruq kimi birləşməsinin şahidi olduq. Azadlıq mübarizəmizin ən şərəfli tarixlərindən olan 20 Yanvar hadisələri gənc nəsilə Vətəni sevməyi, onun müstəqilliyini qorumağı və şəhidlərin xatirəsinə daim sadiq qalmağı öyrədir. Azərbaycan xalqı 20 Yanvar şəhidlərini heç vaxt unutmayacaq, onların göstərdiyi qəhrəmanlıq yolunu daim yaşadacaq.

alt menü