Suraxanı rayonunda Azərbaycan İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri keçirilib

22 Aprel, 2022

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşəbbüsü və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aİİ-yə yüksək intellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə icra hakimiyyətinin Akt zalında maarifləndirici xarakterli tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatlar – Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidməti Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, rayon icra hakimiyyətinin başçısı yanında Şura üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan İlahiyyat İnstitutunun nümayəndələri, rayonun din xadimləri, təhsil müəssisələrinin rəhbərləri və abituriyentlər iştirak ediblər.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Suraxanı rayonu, Heydər Əliyev parkında ucaldılan abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu Prezident cənab İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən yaradılıb. Rektor İnstitutun istifadəyə verilmiş yeni inzibati binasının açılış mərasimində cənab İlham Əliyevin iştirak etməsini ölkə başçısının dövlət-din münasibətlərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi vurğulayıb.
Aİİ rəhbəri daha sonra ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında ətraflı məlumat verib.

Tədbirdə Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Etibar Əliyev, rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidməti Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Aqil Əlisoy, “Höccət İbn Həsən” Məscidi Dini İcmasının sədri Allahverən Məmmədzadə, B.Qulamoğlu adına 285 №-li tam orta məktəbin direktoru Səfurə Rəhimova, E.Cəfərov adına 118 №-li tam orta məktəbin direktoru Nizaməddin Ağcayev, Suraxanı RİHB-in Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şəhid atası Əlixan Əliyev, Əmircan Bələdiyyəsinin sədri Cəmilə Ağayeva çıxış ediblər. Çıxışlarda təhsilə, onun inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət yetirildiyi, elmin, təhsilin maddi-texniki bazasının inkişaf etdirildiyi, bu sahənin ən müasir və qabaqcıl texnologiyalarla təmin olunduğu vurğulanıb. Həmçinin yeniyetmə və gənclərin mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşmaları, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyümələri istiqamətində görülən işlər haqqında məlumat verilib.

Aİİ Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova çıxışında ali təhsil müəssisəsinə qəbul prosesi və qaydaları barədə ətraflı məlumat verib.
Daha sonra Aİİ-nin ictimai fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirin yekununda rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov tədbirdə iştirak etdiklərinə görə qonaqlara dərin minnətdarlığını bildirib və Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz tərəfindən Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində həyata keçirilən işlərdən danışıb. O, bir qrup abituriyentin iştirakı ilə Aİİ-yə ekskursiyanın təşkil olunması ilə bağlı təklif irəli sürüb. Məqsəd – din sahəsinə maraq göstərən Suraxanı rayon şagirdlərinin ilahiyyat sahəsində savadlı mütəxəssis kimi yetişdirilmələri üçün Aİİ-də təhsilə cəlb olunmalarıdır.

alt menü