“Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində Ağdaş və Şamaxıda yaşayan tələbələrin ailələri ziyarət olunub

24 Aprel, 2026

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) həyata keçirilən “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində müəllim heyətinin tələbə ailələri ilə görüşləri davam edir.

Layihə çərçivəsində Aİİ-nin dekanı, dosent Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimləri – f.f.d. Qafqaz Abdurahmanov və f.f.d. Faiq Əhmədzadə Ağdaş və Şamaxı rayonlarında yaşayan I kurs tələbələrindən bəzilərinin ailələrini ziyarət ediblər.

Görüşlər zamanı müəllimlər valideynlərə tələbələrin təhsil prosesi, dərslərə davamiyyəti, akademik göstəriciləri və davranışları barədə ətraflı məlumat veriblər. Bildirilib ki, tələbələrdə yalnız nəzəri biliklər deyil, eyni zamanda, analitik düşünmə, düzgün dini yanaşma və sağlam dünyagörüşü formalaşdırmaq İnstitutun əsas prioritetlərindəndir.

Görüşlərdə tələbələrin gələcək karyera istiqamətləri və onların cəmiyyətə faydalı mütəxəssislər kimi yetişmələri üçün Aİİ-də yaradılmış şərait barədə məlumat verilib. Müəllimlər vurğulayıblar ki, tələbələrin uğur qazanmasında ailə dəstəyi ilə təhsil müəssisəsinin birgə fəaliyyəti həlledici amillərdəndir.

Valideynlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisəsi tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, belə görüşlərin əhəmiyyətli olduğunu bildiriblər. Onlar övladlarının sağlam, milli-mənəvi dəyərlərə sadiq mühitdə təhsil almalarından məmnun olduqlarını bildirib, müəllimlərlə daim əlaqədə olmağa hazır olduqlarını qeyd ediblər.

Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, müasir dövrün tələblərinə uyğun dinşünas və islamşünas mütəxəssislərin hazırlanması üçün ailə və təhsil müəssisəsi arasında əməkdaşlığın daha da gücləndirilməsidir.

alt menü