İlahiyyat İnstitutu müəlliminin məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub

28 Aprel, 2026

Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müəllimi Aliyə Mürsəlovanın “Rəqəmsal pedaqogika və din təhsili: texnologiyaların inteqrasiyası, etika və inkişaf perspektivləri” məqaləsi “Elmi iş” beynəlxalq elmi jurnalında dərc olunub.

Məqalədə təhsilin rəqəmsallaşmasının ənənəvi din təhsilinə təsiri və müasir texnologiyaların bu sahədə yaratdığı imkanlar təhlil olunur. Araşdırmada virtual və alternativ reallıq (VR/AR), süni intellekt (AI), onlayn platformalar və geymifikasiya kimi vasitələrin din təhsilində fərdiləşdirmə, əlçatanlılıq və interaktivliyi inkişaf etdirdiyi göstərilir.

Tədqiqat nəticəsində müəyyən edilir ki, rəqəmsal pedaqogika düzgün tətbiq olunduqda təlim motivasiyasını yüksəldir, tənqidi təfəkkürü inkişaf etdirir və dini biliklərin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır. Bununla yanaşı, texnologiyaların dini təcrübənin autentikliyinə təsiri, etik istifadə məsələləri və səthi yanaşma riski də xüsusi vurğulanır.

Məqalədə qeyd olunur ki, rəqəmsal alətlər ənənəvi din təhsilində mövcud olan şəxsi mentorluq və mənəvi təcrübəni tam əvəz edə bilməz. Bu baxımdan, hibrid tədris modellərinin tətbiqi, etik çərçivələrin müəyyənləşdirilməsi və pedaqoji yanaşmaların dini dəyərlərlə uzlaşdırılması vacib hesab olunur.

Qeyd edək ki, “Elmi iş” jurnalı beynəlxalq elmi bazalarda, o cümlədən “Scopus” elmmetrik bazasında indekslənir.

alt menü