"Müasir dünyada din təhsili” mövzusunda respublika elmi konfransının materialları çap olunub

08 Sentyabr, 2023

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə keçirilən “Müasir dünyada din təhsili” mövzusunda respublika elmi konfransının materialları çap olunub.
Kitabda fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynovun, ilahiyyat üzrə fəlsəfə doktoru, millət vəkili Ceyhun Məmmədovun, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlovun, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərovun, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlının, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun və digər tanınmış alimlərin din təhsilinə, dünyada din təhsili modellərinə, Azərbaycanda mövcud dini təhsilə aid məqalələri yer alıb.
Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov konfrans materiallarına yazdığı Ön sözdə qeyd edib ki, müasir dövrümüzdə dinin əsas prinsiplərinin cəmiyyətə doğru şəkildə çatdırılması, həmçinin dövlət və milli təhlükəsizlik baxımından din təhsili böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, ilahiyyatın düzgün şəkildə tədris edilməsi dinin özünü təhriflərdən qoruyur, milli-mənəvi birliyi təmin edir, dinin cəmiyyətdəki rolunu artırır, həmçinin insanları radikal dini tendensiyalardan sığortalayır.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu yarandığı gündən etibarən, düzgün metodlara əsaslanan din təhsilini həyata keçirməyi, cəmiyyətin dini doğru anlamasını və öyrənməsini təmin etməyi başlıca məqsəd kimi qəbul edib. Bu istiqamətdə Aİİ-nin təşkilatçılığı ilə mütəmadi olaraq müxtəlif seminarlar, “dəyirmi masa”lar və konfranslar təşkil edilir. Aİİ-nin təşkilatçılığı ilə keçirilən “Müasir dünyada din təhsili” respublika elmi konfransının ölkəmizin bu sahədəki qabaqcıl mütəxəssisləri din təhsilinin müxtəlif aspektlərini müzakirə obyektinə çevirən məruzələrlə çıxış ediblər.

alt menü