“Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum

20 Dekabr, 2022

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “İdrak” İctimai Birliyinin birgə təşkil etdikləri “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum öz işinə başlayıb.

Tədbirdə ərazi bütövlüyümüzün qorunması uğrunda şəhid olanların ruhu birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra torpaqlarımızın qorunması uğrunda şəhid olanların ruhlarına hörmət əlaməti olaraq, Aİİ-nin tələbəsi Əmrah Eminovun təqdimatında Quran tilavəti təqdim edilib.

Aİİ rektoru, dosent Aqil Şirinov açılış nitqi ilə çıxış edərək vurğulayıb ki, Forumun işində MDB dövlətlərindən və dünyanın bir çox ölkəsindən islamşünaslıq sahəsində tanınmış tədqiqatçılar iştirak edirlər.

Forumun məhz Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını vurğulayan rektor qeyd edib ki, Azərbaycan MDB məkanında İslamı qəbul edən ilk ölkə olub. O, həmçinin qeyd edib ki, müstəqil Azərbaycanda islamşünaslığa dövlət səviyyəsində önəm verilir. A.Şirinov Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını və bu sahənin ayrıca bir ixtisas kimi tədris olunmasını deyilənlərə nümunə olaraq göstərib.

Aİİ rektoru Forumun əsas məqsədlərindən birinin dünyanın bir çox ölkəsindən olan tədqiqatçıların islamşünaslıq sahəsindəki araşdırmaları ilə tanışlıq olduğunu nəzərə çatdırıb. Həmçinin tədbirin alimlər arasında yeni əməkdaşlıqların qurulması və qarşılıqlı fikir mübadiləsi baxımından sözügedən sahədəki gələcək tədqiqatlara stimul verəcəyini vurğulayıb.

“İdrak” İctimai Birliyinin sədri Rüfət Quliyev “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda keçirilən beynəlxalq forumun işinə uğurlar arzulayıb. Bildirib ki, birgə təşkil edilən bu forumun qeyd olunan məqsədlərə çatacağına ümidlər böyükdür.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, dünya miqyasında dini ayrı-seçkiliyin qabardıldığı, dinin siyasiləşdirildiyi və ya siyasi maraqların həyata keçirilməsində əlatə çevrildiyi, bilərəkdən dini zəmində qarşıdurmalara rəvac verildiyi müasir dövrdə qlobal sülh və təhlükəsizlik naminə dinlər arasında harmoniya, dialoq və əməkdaşlığa nail olunması, o cümlədən dini dözümlülüyün, tolerantlığın hakim mövqe tutması prioritet məsələyə çevrilib.

Sədr müavini çıxışında multikultural və tolerant dəyərləri öz siyasətinin tərkib hissəsinə çevirmiş Azərbaycan dövlətinin bütün vətəndaşlarına öz inanclarını yaşamaq üçün lazımi şərait yaratdığını və bunun hər sahədə hiss olunduğunu diqqətə çatdırıb: “Ulu Öndərin təməlini qoyduğu bu yolu uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycan artıq bütün dünyada təkcə sosial-iqtisadi göstəricilərinə görə deyil, həm də dinlər və sivilizasiyalararası dialoqun qurulduğu mərkəzlərdən biri kimi tanınır.

Millət vəkili, i.f.d. Ceyhun Məmmədov Azərbaycanda mövcud dövlət-din münasibətlərinə toxunub. Bildirib ki, hazırda ölkəmizdə həyatın bütün sahələrində dərin, rasional və praqmatik islahatlar uğurla həyata keçirilir. Millət vəkili İslam dininin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasında çox böyük rol oynadığını vurğulayıb. Forumun işinə uğurlar arzulayan C.Məmmədov tədbirin mövzu və istiqamətlər baxımından zəngin olduğunu, islamşünaslıq elminin tədqiqinə öz töhfəsini verəcəyini bildirib.

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov İslam dininin yayılma tarixi, mövcud durumu barədə bəhs edərək, hazırda Rusiyada yaşayan müsəlmanların sayı, məskunlaşdıqları ərazi barədə fikirlərini bölüşüb. İslamın Rusiya mədəniyyətinin əhəmiyyətli bir parçasına çevrildiyini, həmçinin müsəlman cəmiyyətinin ölkənin çoxmillətli əhalisinin vacib tərkib hissəsi olduğunu nəzərə çatdırıb. O, MDB ölkələrində İslam elmlərinin tədqiqi və tədrisi məsələlərinə də toxunub.

Gürcüstan Parlamentinin deputatı Tariel Nakaidze bildirib ki, müsəlmanlar yüksək savada malik, tolerant, mədəni insanlar kimi tanınmalı, öz həyat və fəaliyyətləri ilə İslamın əsl mahiyyətini nümayiş etdirməlidirlər. Qeyd edib ki, Gürcüstan cəmiyyətində İslamın sülhsevər və tolerant mahiyyətinin təbliği davam edir. Millətlərarası və dinlərarası sülhün və əmin-amanlığın möhkəmləndirilməsi üçün mümkün olan bütün addımlar atılır.

Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin müşaviri fil.e.d. Seymur Nəsirov Misirdə ölkəmizin tanıdılması istiqamətində görülən işlər, ərəb dilli mənbələrdə Azərbaycan alimləri haqqında tədqiqatların aparılması barədə fikirlərini bölüşüb. Forumun mövzu istiqamətlərinin zənginliyinə diqqət çəkən məruzəçi tədbirə işində uğurlar arzulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru, i.f.d. Mehman İsmayılov müasir dünyada terrorizmi və insana qarşı nifrətin istənilən formasını rədd edən İslamın mahiyyətini cəmiyyətə düzgün çatdırmağın çox önəmli olduğunu vurğulayıb. Fondun icraçı direktoru Forumun işinə uğurlar arzulayıb.

Forumun keçirilməsində məqsəd MDB ölkələrində islamşünaslıq istiqamətində mövcud vəziyyəti müzakirə etmək, bu sahənin aktual problemlərinin tədqiqinə marağı artırmaq, həmçinin tədqiqatçılar arasında qarşılıqlı elmi əməkdaşlığı təşviq etməkdir.

Qeyd edək ki, “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum panellərlə davam etdirilir.

alt menü