Misir nümayəndəsi Azərbaycan İlahiyyat İnstitutunda olub
Azərbaycanda “Ortaq gələcək naminə dialoq” mövzusunda təşkil olunan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində səfərdə olan Misir Ərəb Respublikasının İslam Məsələləri üzrə Ali Şurasının Baş katibi Əhməd Nəbəvi Əhməd Məxluf Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
Aİİ rektoru, dosent Aqil Şirinov qonaqla görüşdə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, tədris prosesi və əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Daha sonra Əhməd Nəbəvi Əhməd Məxluf təmsil etdiyi qurumun fəaliyyəti, məqsəd və vəzifələri barədə danışıb.
Görüşdə din-təhsili sahəsində əməkdaşlığın inkişafı, mədəniyyətlərarası dialoqun əhəmiyyəti və radikalizmlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Misirli qonaq İnstitutun tələbələri ilə görüşüb. Görüş zamanı radikalizmin qarşısının alınması, dini ekstremizmlə mübarizə metodları və bu istiqamətdə maarifləndirmənin rolu müzakirə olunub. Əhməd Nəbəvi Əhməd Məxluf Misirdə radikalizmlə mübarizə istiqamətində tətbiq olunan yanaşmalar və mövcud təcrübə barədə məlumat verib.
Görüşdə tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.