“Mediasiya və mənəvi dəyərlər” mövzusunda seminar təşkil olunub

06 Mart, 2026

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə “Mediasiya və mənəvi dəyərlər” mövzusunda seminar təşkil olunub.
Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov milli-mənəvi dəyərlərin cəmiyyətin formalaşmasında və sağlam ictimai münasibətlərin qurulmasında mühüm rol oynadığını bildirib.
İlkin Əlimuradov qeyd edib ki, mediasiya prinsipləri, əslində, dini-mənəvi dəyərlərlə sıx bağlıdır. Dinlər, xüsusilə İslam dini insanlar arasında yaranan mübahisələrin qarşıdurma yolu ilə deyil, barışıq, qarşılıqlı anlaşma və ədalət prinsipləri əsasında həll olunmasını təşviq edir.
O bildirib ki, ailədaxili və sosial münasibətlərdə, iqtisadi fəaliyyət sahələrində yaranan mübahisələrin sülh yolu ilə həlli ilə əlaqədar dini mənbələrdə müxtəlif yollar öz əksini tapır. Bu baxımdan, tərəflər arasında vasitəçilik etmək, onları dialoqa istiqamətləndirmək, qarşılıqlı razılıq əsasında həll yolu tapmaq mühüm yer tutur.
Bakı 9 saylı Mediasiya Təşkilatının mediatoru İlham Fərzəliyev Mediasiya Şurasının mübahisələrin sülh yolu ilə həllində əhəmiyyətindən bəhs edib. O bildirib ki, mediasiya tərəflər arasında dialoqun qurulmasına, qarşılıqlı anlaşmanın əldə olunmasına və münasibətlərin konstruktiv şəkildə bərpasına xidmət edən mühüm mexanizmdir.
İ.Fərzəliyev qeyd edib ki, mediasiya prosesində tərəflərin maraqlarının nəzərə alınması, qarşılıqlı hörmət və etimad mühitinin yaradılması əsas prinsiplərdən biridir. Onun sözlərinə görə, mediasiyanın təşviqi cəmiyyətdə barışıq mədəniyyətinin inkişafına, mübahisələrin məhkəmədənkənar və səmərəli şəkildə həllinə mühüm töhfə verir.
Bakı 9 saylı Mediasiya Təşkilatının sədri Leyla Nəsibova belə seminarların mediasiya haqqında maarifləndirmənin artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

alt menü