“İslamşünaslıq” ixtisasına plan yerlərinin sayı artırılıb

22 İyul, 2023

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İslamşünaslıq” ixtisasına 50 plan yeri ayrılıb.

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün 24 iyul saat 23:59-dək verilən link (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) vasitəsilə Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçməlidirlər.

Yüksəkixtisaslı islamşünas mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulan “İslamşünaslıq” ixtisası üzrə təhsil almaq istəyən abituriyentlər dünyagörüşü səviyyələrinin və bu sahəyə maraqlarının müəyyənləşdirilməsi məqsədilə DPK-da müsahibədən keçəcəklər.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) yaratdığı DPK-nin tərkibinə ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Aİİ-nin əməkdaşları daxil ediliblər.

Müsahibə zamanı, habelə abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri, “İslamşünaslıq” ixtisasına uyğunluqları, xüsusilə gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarıqları, xitabət və natiqlik qabiliyyətləri qiymətləndiriləcəkdir.

Qeyd edək ki, müsahibədə DİM-in təşkil etdiyi III ixtisas qrupunu (DT) seçmiş və müsabiqə şərtlərinə əsasən, ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi (blok imtahanı) üzrə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər.
“İslamşünaslıq” ixtisası üzrə DPK Azərbaycan İlahiyyat İnstitutunun inzibati binasında (Məhəmməd Naxçıvani, 29) fəaliyyət göstərəcək.

alt menü