“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu panellərlə davam etdirilir

11 İyul, 2019

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu panellərlə davam etdirilir.

“İslam mədəniyyətinin Qafqazda dini və ictimai həyata təsiri” mövzusunda təşkil edilən panelə Ukraynanın “Ostroq Akademiyası” Milli Universiteti İslamşünaslıq Mərkəzinin direktoru t.f.d. Mixail Yakuboviç və Rusiyanın K.L.Xetaqurov adına Şimali Osetiya Dövlət Universiteti Rusiya tarixi və Qafqazşünaslıq kafedrasının müdiri, Şimali Osetiya-Alaniya Respublikası Tarix və Arxeologiya İnstitutunun direktoru, t.e.d., prof. Ruslan Bzarov moderatorluq edib.


Paneldə “Müasir Gürcüstanda İslam və dövlət”; “Postklassik dövrdə (XIII – XVIII əsrlərdə) İslam intellektual ənənəsi: əsas xüsusiyyətlər”; “Dərbənd İslam Mərkəzi kimi: yaxın keçmişdə aşkar olunmuş müsəlman dini məbədləri (VIII – XIII əsrin əvvəlləri”; “Güney Azerbaycan ve İran’daki siyasi ve toplumsal gelişmelerde Tebriz’in rolü ve önemi (19. Yüzyıl-20. Yüzyılın ilk çeyreği)”; “Sivilizasiyalararası münasibətlər kontekstində Qərbin İslama baxışı və Cənubi Qafqazda təsirləri”; “İslamda insana münasibət”; “Şimali Qafqazda İslam və totalitarizm”; “Balkar xalqının sosio-mədəni həyatında İslam”; “İlmü’l-ebdan mı İlmü’l-edyan mı? 20. Yüzyılın başlarında Kafkasya matbuatında dini ve dünyevi ilimler üzerine bir tartışma” başlıqlı məruzələrin müzakirəsi aparılıb.


“Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu” mövzusunda keçirilən panelə isə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi Baş direktorunun məsləhətçisi, prof. Sadık Ünay, Moskva Dövlət Psixoloji-Pedaqoji Universiteti Etnopsixologiya və çoxmədəniyyətli təhsilin psixoloji problemləri kafedrasının dosenti, ped.f.d., dos. Olqa Pavlova moderatorluq edib.


Paneldə “Müsəlman ölkələri ilə əlaqələrin inkişafında Heydər Əliyevin rolu”; “İslamofobiya ilə mübarizədə Azərbaycan Respublikasının multikulturalizm və İslam həmrəyliyi siyasətinin əhəmiyyəti”; “İlham Əliyev siyasətində Azərbaycançılıq ideologiyası: tolerantlıq və multikulturallıq zəminində”; “İrəvanın tarixi-mədəni irsinin ərəb-İslam dünyasında tanıtdırılmasında AMEA Tarix İnstitutunun rolu”; “Müasir dövr mədəniyyətlərarası dialoqun Azərbaycan nümunəsi”; “Müasir dövrdə Azərbaycanın multikulturalizm modeli”; “Dini-tarixi abidələrin təmir və bərpasında Heydər Əliyev Fondunun rolu”; “Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında məhv edilmiş tarixi-mədəni irsimiz”; “Dini tolerantlıq və humanizm: Prezident İlham Əliyevin ideal modeli” kimi mövzular geniş müzakirə obyektinə çevrilib.


Sessiyada bildirilib ki, müxtəlif etnos və dinlərin qovuşduğu ölkəmizdə tarixən formalaşmış multikultural mühit beynəlxalq aləmdə alqışlanır və mütərəqqi model kimi qəbul edilir. Məhz bu cür yanaşma milli birlik və təhlükəsizliyin təminatı baxımından, son dərəcə zəruri olan multikultural cəmiyyət modelinin formalaşmasına da imkan yaradıb. Məruzəçilər bildirib ki, respublikamızdakı mövcud tolerant və multikultural mühit barədə beynəlxalq ictimaiyyət ətraflı məlumatlandırılmalı, bu sahələrdə əldə olunmuş nailiyyətlər qlobal miqyasda təbliğ olunmalıdır.


Günün sonuncu – “Qafqazda İslamın yayılması” mövzusundakı panelə moderatorluğu Rusiyanın İslam Mədəniyyəti Elm və Təhsilə Dəstək Fondunun direktor müavini, f.e.d., siy.f.d. Vyaçeslav Polosin və AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri t.f.d., dos. Fərda Əsədov edib.


Maraqlı müzakirələrlə davam edən paneldə məruzəçilərin “Xəzər xaqanlığında İslamın yayılması”; “Kafkasya’da iki kardeş ulusun mücadelesi: Altın Orda – İlhanlı münasebetleri”; “Azərbaycanda İslamın yayılması xüsusiyyətlərinə dair”; “Azerbaycan’ın fethi ve Kafkas bölgesinin islamlaşmasındaki rolü”; “Raşidi xəlifəsi Əli ibn Əbu Talibin dövründə Azərbaycan”; “Azərbaycanda İslam dininin ilkin vaxtlarında sosial-iqtisadi vəziyyəti haqqında”; “Azərbaycanda ərəb idarəsi və məskunlaşdırma siyasəti (h.132–232/ m.750–847)”; “Tiflis və ətraf ərazilərdə İslamın yayılması”; “İmadəddin Nəsiminin şeirlərində məhdəviyyat (xilaskarlıq) inancının təzahürləri” mövzularında çıxışları dinlənilib.


Qeyd edək ki, “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu iki gün davam edəcək. Tədbirdə 100-dən çox məruzəçinin məruzələri 11 paneldə dinləniləcək.
Tədbirin materialları kitab halında çap olunacaq.

alt menü